Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Neft Fondu üçün “Yaşıl Bina” tikilir


Bakıda Azərbaycan Respublikası Dövlət Neft Fondu üçün möhtəşəm yeni ofis binası tikilir. Heydər Əliyev prospektində tikilən yeni inzibati binanın artıq 20 mərtəbəsi qaldırılıb. Bu barədə fonddan verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, layihədə alternativ enerjinin alınması üçün günəş batareyaları, günəş invertorları və s. texnologiyaların tətbiqi ilə "Yaşıl Bina" (Green Building) kateqoriyasının tələblərinə riayət edilməsi də nəzərdə tutulub. Bundan başqa, inteqrasiya olunmuş bina konsepsiyasına əsaslanan intellektual texnologiya infrastrukturun, bütün kommunikasiya və kommunal şəbəkələrin vahid mərkəzdən idarə edilməsinin avtomatlaşdırılmasını təmin edəcək.

Bina qeyri-adi görünüşü, tərtibatı və digər cəhətləri ilə çox seçilir. Hündürlüyü 117 metr (mayak ilə birgə 140 metr), ümumi sahəsi 13 min kvadratmetr (yeraltı avtodayanacaq ilə birgə 27 min kvadratmetr) olacaq 23 mərtəbəli binada xidməti otaqlarla yanaşı, Heydər Əliyev muzeyinin, 200 nəfərlik konfrans zalının, 150 avtomobil tutumu olan ikimərtəbəli avtodayanacağın tikilməsi nəzərdə tutulur.

Yeddi liftin quraşdırılacağı binada səsdən müdafiə və termal izolyasiyanı təmin edəcək ikifasadlı sistemdən istifadə olunacaq.

RƏVAN




30/01/13    Çap et