Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DQİDK yeni saytını ictimaiyyətə təqdim etdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni yaradılan internet səhifəsini bu gün ictimaiyyətə təqdim edib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, təqdimat zamanı komitənin sədri Elşad İsgəndərov bildirib ki, saytın yenilənməsinə böyük zərurət olub.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin dinə və eləcə də informasiya-kommunikasiya texnologiyalarına sərgilədiyi münasibət komitəni yeni və daha sanballı sayt yaratmaq üçün ruhlandırıb: «Azərbaycan hökumətinin dövlət-din münasibətləri sahəsində siyasəti, milli-mənəvi dəyərlərimizə qayğısı, ölkəmizdəki tolerantlıq ənənələri, dinlərin tarixi, mövcud dini qurumlar, tarixi-dini abidələr, o cümlədən ibadət yerləri və ziyarətgahlar, eləcə də komitənin fəaliyyəti barədə məlumatların geniş və ətraflı şəkildə cəmiyyətə çatdırılması məqsədilə Dövlət Komitəsinin rəsmi internet saytı fərqli tərtibatda və geniş formatda yenidən işlənərək hazırlanıb. Bu səhifəni yenidən qurmaqla dini icmalar, KİV nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən insanların komitə ilə qarşılıqlı əlaqələrini daha asan şəkildə təmin etmək istəyirik. Bunun üçün saytda kifayət qədər şərait yaradılıb».
Azərbaycanda ilk dəfə olaraq ölkənin dini xəritəsinin yaradıldığını vurğulayan komitə sədri deyib ki, sözügedən xəritədə təkcə Bakı şəhərində deyil, eyni zamanda bölgələrdə və eləcə də işğal olunmuş ərazilərdə yerləşən dini abidələr barəsində də məlumatlar verilib.
Onun sözlərinə görə, saytda sədrə birbaşa məktub yazmaq, eləcə də e-xidmətlərdən və komitə tərəfindən görülən işlərlə bağlı verilən informasiyalardan yararlanmaq mümkündür:
«Əlbəttə ki, biz komitənin təqdim etdiyi elektron xidmətləri daha da təkmilləşdirmək və onların sayını artırmağa çalışacağıq». Komitənin mətbuat xidmətinin rəhbəri Orxan Əli isə bildirib ki, dini icmalar, mətbuat və ictimaiyyətin ehtiyac duyduğu məlumatları daha asan və dəqiq əldə etməsi üçün DQİDK bir neçə ay öncə yeni rəsmi saytının hazırlanmasına qərar verib. Onun sözlərinə görə, yeni saytda Azərbaycanda olan məscidlər, kilsələr, sinaqoqlar, alban abidələri, ziyarətgahlar haqqında geniş məlumatlar yerləşdirilib:
«Dövlət Komitəsi dini icmaların işinin asanlaşdırılması məqsədilə yeni saytda elektron xidmətlər bölməsi, dini icmaların qeydiyyatı üçün sənədlərin elektron variantını yerləşdirib. Dini icmalar, o cümlədən vətəndaşlar sayt vasitəsilə onlayn şəkildə Dövlət Komitəsinə müraciət edə biləcəklər, istədikləri suallara cavab alacaqlar. Verilən sual-cavablar saytda yerləşdiriləcək və bundan hər kəs asanlıqla istifadə edə biləcək. Qeyd etmək istəyirəm ki, bu gün dünyada, eləcə də cəmiyyətimizdə sosial şəbəkələrin geniş istifadəçilərinin olduğunu nəzərə alaraq həm «Facebook»da, həm də «YouTube»-da rəsmi kanallar yaradılıb və onların vasitəsilə də informasiyalar, eləcə də komitə tərəfindən görülən işlər barəsində məlumatlar yayırıq».
SEYMUR
30/01/13 Çap et