Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın xarici ölkələrdə yerləşən dövlət əmlakı barədə məlumat bazası mütəmadi dəqiqləşdiriləcək


Azərbaycanın xarici ölkələrdə yerləşən dövlət əmlakı barədə məlumat bazası mütəmadi dəqiqləşdiriləcək.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib. Komitədən bildirilib ki, sözügedən işlər ƏMDK-nın vəzifə və funksiyalarının icrasına dair 2013-cü il üçün fəaliyyət planına daxil edilib. Plana uyğun olaraq, cari ildə dövlət əmlakının registrinin aparılması işinin səmərəliliyi artırılacaq.

Bu məqsədlə mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, dövlət təşkilatlarından daşınmaz dövlət əmlakı barəsində baş vermiş dəyişikliklər haqqında məlumatların alınması və dövlət əmlakının registrinə daxil edilməsi, baza məlumatları ilə uyğunluğun araşdırılması, dövlət əmlakının registrindən verilən çıxarışların dəqiqləşdirilmiş məlumatlar əsasında hazırlanmasının təmin edilməsi, dövlət əmlakının registri məlumatlarının müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilməsi və daşınmaz əmlakın dövlət reyestri üzrə əldə edilmiş müvafiq məlumatların bazaya daxil edilməsi nəzərdə tutulur.

Bundan başqa, 2013-cü il ərzində dövlət əmlakının registri informasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı Dünya Bankının layihəsi üzrə müvafiq işlərin yerinə yetirilməsi də planlaşdırılır. Həmçinin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar dövlət vəsaiti, eləcə də müxtəlif fondların və təşkilatların vəsaiti hesabına yeni tikilmiş dövlət mülkiyyətində olan sosial və digər təyinatlı obyektlər və tikintisi başa çatdırılmamış obyektlər barədə məlumatlar da alınaraq registrə daxil ediləcək.

Daşınmaz dövlət əmlakı obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı müvafiq işlərin yerinə yetirilməsi istiqamətində isə çöl-geodeziya ölçmə və kameral işlərinin həyata keçirilməsi, əldə olunmuş məlumatların müvafiq proqram təminatı vasitəsilə bazaya daxil edilməsi nəzərdə tutulur.

HƏQİQƏT




31/01/13    Çap et