Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dövlət Qulluğu Məsələləri üzrə Komissiya informasiya texnologiyalarının tətbiqini genişləndirib
Ötən il ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyətinin müxtəlif istiqamətləri üzrə informasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi sahəsində işlər davam etdirilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə DQMK-nin 2012-ci ildəki fəaliyyəti barədə hesabatında deyilir.
Hesabatda bildirilir ki, komissiyaya “dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu”, “müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi”, “Dövlət Qulluqçularının Reyestrindən məlumatların verilməsi”, “dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi”, “dövlət qulluğu stajı kalkulyatoru”, “onlayn sınaq test imtahanlarının keçirilməsi” və “dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu” elektron xidmətlərinin göstərilməsi həvalə olunub.
Komissiyanın internet saytında bu xidmətlərin göstərilməsi üçün ayrıca bölmə və subdomen – http://eXidmet.csc.gov.az yaradılıb. Sözügedən xidmətlərin reqlamentləri hazırlanıb və komissiya sədrinin 2012-ci il 4 iyun tarixli 111 nömrəli Əmri ilə təsdiq edilib. Komissiyanın “Elektron hökumət” portalına qoşulması təmin edilib.
Hazırda “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” xidmətindən komissiyanın internet saytına daxil olaraq istifadə etmək mümkündür. 2012-ci ildə 6918 nəfər namizəd bu xidmətdən istifadə edib. Hazırda komissiyanın göstərməli olduğu elektron xidmətlərin hamısı layihələndirilib, onlardan 5-nin proqram təminatı hazırlanaraq “Elektron hökumət” portalına inteqrasiya edilməsi üçün portalın administrasiyasına təqdim edilib. Digər 2 elektron xidmətin proqram təminatının hazırlanması işləri davam etdirilir. Bununla yanaşı, komissiyada sənəd dövriyyəsi sisteminin yaradılması nəzərdə tutulub: “Elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalmasına, icra intizamının yüksəldilməsinə və nəzarət mexanizminin sadələşməsinə, qərarların qəbul edilməsində və vətəndaşlara xidmətdə operativliyin artırılmasına, digər təşkilatlarla əlaqələrin sürətləndirilməsinə imkan verəcək. Nəzərdə tutulmuş sənəd dövriyyəsi sisteminin pilot layihəsi qalib şirkət tərəfindən hazırlanıb və komissiyaya təqdim edilib. Hazırda layihə sınaqdan keçirilir”.
Hesabat dövrü ərzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibələrdə iştirak edən namizədlərlə bağlı geniş məlumatı özündə əks etdirən “Namizədlər-DQMK” avtomatlaşdırılmış idarəetmə sistemi də təkmilləşdirilib, müsabiqə və müsahibələrin bütün mərhələlərinin (elanın verilməsi, sənəd qəbulu, test imtahanı, müsahibə, vəzifəyə təyinat, ehtiyat kadrlarla iş və s.) daha səmərəli təşkili üçün sistemin funksional imkanları və bu sistemə daxil olan hesabatların sayı artırılıb. Bundan əlavə, sənəd qəbulu zamanı dövlət orqanları və vakant vəzifələr üzrə müsabiqə vəziyyəti haqqında statistik məlumatlar, müsabiqənin test imtahanı və müsahibə mərhələləri üzrə bu mərhələlərin keçirilmə tarixi, vaxtı, yeri və nəticələri yerləşdirilib.
Həmçinin 2012-ci ildə komissiyanın internet saytında “Dövlət qulluğu üzrə təlimlər” (http://eLearning.csc.gov.az) portalı yaradılıb: “Portalın yaradılmasında məqsəd dövlət qulluqçularının peşəkarlığının artırılması üçün distant təlimlərin keçirilməsidir”. Eyni zamanda hesabat dövrü ərzində komissiyanın informasiya texnologiyaları sahəsində maddi-texniki bazası gücləndirilib və yeni avadanlıqlar alınıb:
“Bu avadanlıqların alınmasında komissiyanın beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyi layihələr də əhəmiyyətli rol oynayıb. Belə ki, test imtahanlarının keçirilməsi üçün Dövlət İqtisad Universitetinin tədris korpusunda 33 kompüterdən ibarət 3-cü test mərkəzi yaradılıb. Hazırda komissiyanın 116 kompüterdən ibarət 3 test mərkəzi fəaliyyət göstərir (Digər 2 test mərkəzindən biri Azərbaycan Müəllimlər İnstitutunda yerləşir, digəri isə Bakı Avrasiya Universitetindən icarəyə götürülüb). Bu isə hər mərkəzdə 2 seans olmaqla gün ərzində 232 nəfər namizədlə test imtahanı keçirməyə imkan verir”.
CAHANGİR
31/01/13 Çap et