Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bölgələrdə yaşayan, xüsusi qayğıya ehtiyacı olan şagirdlər də distant təhsilə qoşulub


"İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində İKT-nin təhsilə tətbiqi istiqamətində işlər davam etdirilir.

Bu işlərdən biri kimi, distant təhsil də diqqət mərkəzindədir. Belə ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq, distant təhsilin inkişaf etdirilməsi və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb olunması ilə əlaqədar "Elektron Təlimləndirən Sistemlər" adlı layihə işlənib hazırlanıb və hazırda da icrası davam edir. Layihənin əsas məqsədi evdə təhsil alan, sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə onların cəmiyyətə inteqrasiyasını təmin etmək və təhsil almaq imkanlarının yaxşılaşdırılması ilə yanaşı, kompüter və elektron resurslardan istifadə bacarıqlarının artırılması və internetə çıxış imkanlarının yaradılmasından ibarətdir.

Cari ildən etibarən sözügedən layihənin əhatə dairəsi bir qədər də genişləndirilib və artıq bu imkandan bölgələrdəki xüsusi qayğıya ehtiyacı olan şagirdlər də yararlana biləcəklər. Yanvarın 30-da Qazax şəhərində distant təhsilin inkişaf etdirilməsi və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb olunması ilə əlaqədar "Elektron Təlimləndirən Sistemlər" adlı layihəsinə bölgələrin qoşulması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə "Elektron Təlimləndirən Sistemlər" layihəsinin rəhbəri Salam Əliyev, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Ramil Süleymanov, "AzEdunet" şirkətinin nümayəndəsi Emin Seyidov, Qazax icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülaya Həsənova, valideynlər və xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak ediblər. Layihə rəhbəri Salam Əliyevin sözlərinə görə, artıq bölgədə müvafiq işlər həyata keçirilir:

"Qazax rayonunda 15 şagird və 2 müəllimə, Agstafa rayonunda 5 şagird və 1 müəllimə, Tovuz rayonunda 4 şagirdə ən yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş "Apple, İnc" şirkətinin istehsalı olan "Macbook" notebookları təqdim edilib. 24 şagirdin evinə internet xətti çəkilib. Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədilə məktəblərdə seçilmiş sinif otaqlarında yüksəksürətli fiber-optik İnternet və İntranet bağlantıları ilə təchiz olunub. Müəllim və şagirdlər 24 ədəd koordinat-göstərici qurğu , 27 ədəd qulaqcıq, 24 ədəd qrafik planşeti ilə təmin edilib. Xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqların distant təhsilinin inkişafı ilə əlaqədar yaradılmış distant tədris mərkəzləri 3 ədəd "Macbook" kompüterləri, 3 ədəd qulaqcıqla təmin edilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədilə müəllimlər, şagirdlər və valideynlər üçün İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair metodik vəsait hazırlanıb və onlara paylanılıb".

Həmçinin xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı uşaqlar üçün məsafədən təhsilin köməkliyi ilə "Elektron Təlimləndirən Sistemlər" Təlim Vəsaiti əsasında 10 təlimçi heyətinin hazırlanması, yeni hazırlanmış təlimçilər məktəbyaşlı uşaqlar üçün məsafədən təhsilin köməkliyi ilə "Elektron Təlimləndirən Sistemlər" Təlim Vəsaiti əsasında şagirdlərə məsafədən təhsil vasitəsilə təlimlərin təşkil edilməsi, müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün hazırlanmış "www.mesafedenmekteb.edu.az" portala qoşulması istiqamətində də işlər aparılır:

"İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və insanların inkişafı üçün yaradıcı, müstəqil düşünən və inkişaf edən şəxsiyyət formalaşmalı, yetişdirilməlidir. Azərbaycanda da təhsil islahatının əsas prinsiplərindən biri təlim prosesində uşaqlarda fəallığı, məntiqi düşünməyi, özünə tənqidi yanaşmağı, müstəqil bilik almağı və fərdi inkişaf etmək bacarığını tərbiyə etməkdir. Distant təhsil humanizm prinsiplərinə cavab verir. Heç kəs yoxsulluq, cəmiyyətdən müvəqqəti təcrid olunması, fiziki qüsuruna görə ümumtəhsil məktəbinə gedə bilməməsi üzündən təhsil almaqdan məhrum olmamalıdır. Məhz distant təhsil əhalinin bütün təbəqələrinə təhsil almaq imkanı verir; o, ənənəvi təlimdən ucuz başa gəlir, təlimin səmərəliliyi təmin olunur, məsafə maneə törətmir - kompüter və internetə çıxışın olması kifayətdir. Təhsildə məsafə texnologiyasının payı ildən-ilə artdığı üçün bu təhsil formasının perspektivi var".

Həqiqət İSABALAYEVA




01/02/13    Çap et