Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

NAĞDSIZ ÖDƏNİŞ SİSTEMİ VƏ AZƏRBAYCAN


Dünyanın inkişaf etmiş ölkələrində nağdsız ödənişlər iqtisadiyyatın əsas özəklərindən birini təşkil edir. Bu tip hesablaşmalar əslində birbaşa olaraq vətəndaşın yaşam tərzinin asanlaşdırılmasına yönəlib.

Çünki nağdsız hesablaşmalar zamanı qarşılaşılan korrupsiya halları, eləcə də kölgə iqtisadiyyatı aradan qalxır, büdcəyə əlavə vəsaitlər daxil olur, vaxt itkisi və risklər minimuma endirilir. Elə bu səbəbdəndir ki, inkişaf etməkdə olan və demokratiya yolu tutmuş ölkələr də nağdsız hesablaşmaların dairəsinin genişləndirilməsi istiqamətində addımlar atır, siyasi iradə ortaya qoyurlar.

Bu gün bütün postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da nağdsız hesablaşmalara keçid məsələsi aktualdır. Hazırda Rusiya, Ukrayna, Belarus bu məsələni ciddi şəkildə gündəmə gətirir, elektron pulların üstünlüyünün verdiyi dividendlər və onun əhali üçün səmərəliliyi izah olunur.

Hazırda Azərbaycan cəmiyyətində nağdsız hesablaşmalarla bağlı məlumatsızlıq, eləcə də müəyyən ehtiyatlılıq, narahatlıq hiss olunur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Əgər 10-15 il bundan əvvəl Azərbaycan insanının banklara inam və etibarı yox idisə və burada yerləşdirilən vəsaitin itirilmə təhlükəsi kimi narahatlığı var idisə, artıq dövlətin həyata keçirdiyi siyasət nəticəsində bu kimi stereotiplər aradan qalxıb. Eləcə də hökumətin sovet dönəmində banklarda batmış əmanətləri qaytarması ilə bağlı siyasət yürütməsi öz vətəndaşlarında dövlətinə, eləcə də bank sisteminə olan inamı və etibarı artırmış oldu.

Elə bu səbəbdən də Azərbaycan vətəndaşlarının nağdsız hesablaşmalara keçməyin vaxtının çatdığı və buna əhalinin də hazır olduğu qənaətinə gəlmək olar. Lakin bir qədər maarifləndirmə tədbirlərinin də həyata keçirilməsinin labüdlüyü hiss olunur.

Nağdsız hesablaşmalar nədir?

Nağdsız hesablaşmalar – pul nişanlarından istifadə etmədən ödəniş sənədləri vasitəsilə həyata keçirilən ödənişlər, bank hesabında köçürmə yolu ilə həyata keçirilən maliyyə hesablaşmalarıdır. Bu halda pul vəsaiti tədavülçünün hesabından alıcının hesabına köçürülür. Nağdsız hesablaşmalar təsərrüfat daxilində müəyyən sistemlər əsasında təşkil olunur, burada nağdsız hesablaşmaların təşkilinin bütövlüyü prinsipi, təşkilatlara təqdim edilən tələblər, təsərrüfatın müəyyən konkret şəraiti, eləcə də hesablaşmaların forma və üsulları və bu üsulların sənəd dövriyyəsi ilə sıx bağlılığı nəzərdən keçirilir.

Nağdsız ödəniş – nağd pulun iştirakı olmadan dəyərin hərəkəti deməkdir. Burada qarşılıqlı tələblər nəticəsində pul vəsaitlərinin kredit təsisatlarının hesabları ilə yerdəyişməsi nəzərdə tutulur. Nağdsız ödənişlər çek, veksel, kredit kartları və digər kredit alətləri vasitəsilə həyata keçirilir.

Nağdsız pul dövriyyəsi zamanı bir sıra əməliyyat həyata keçirmək mümkündür. Bu halda hüquqi şəxslər və kredit təşkilatları kredit alınması və qaytarılması ilə bağlı, hüquqi şəxslər və əhali əməkhaqqıları və qiymətli kağızları üzrə gəlirlərin əldə olunmasına görə, fiziki və hüquqi şəxslər dövlət xəzinəsi ilə vergi, rüsum və digər icbari ödənişlərin verilməsinə görə əməliyyatları reallaşdıra bilərlər. Nağdsız ödənişlərin həcmi ölkədəki məhsul dövriyyəsi, qiymətlərin səviyyəsi, hesablar və həmçinin bölüşdürücü və təkrar bölüşdürücü münasibətlərdən asılıdır.

Dünyanın nağdsız ödəniş təcrübəsi

İsveç banknotlardan istifadə edən ilk ölkə kimi tarixə düşüb. Bu hadisə 1661-ci ildə baş verib və belə görünür ki, bu gedişlə nağd puldan tamamilə imtina edən ilk ölkə də məhz elə İsveç olacaq. Hazırda nağd pul ölkədəki maliyyə dövriyyəsinin cəmi 3% -ni təşkil edir (Avrozona isə bu göstərici orta hesabla 9%-dir). Digər ölkələrin də təcrübəsi bunu göstərir. Belə ölkələrdə, xüsusən də Yaponiyada nağd ödənişlərin həcmi cəmi 5% təşkil edir.

İnkişaf etmiş ölkələrdə kağız pulların sayının azalması ilə ölkədə cinayətkarlığın sayı da azalır. Bu kimi dövlətlərdə bank yarmaq və küçə soyğunçuluğu kimi cinayətlər nəzərəçarpacaq qədər minimuma enib. Həmçinin pul kütləsinin azalması ənənəvi olaraq nağd ödənişlərə üstünlüyün verildiyi kölgə iqtisadiyyatına da ciddi zərbə endirə bilir.

Azərbaycanda nağdsız hesablaşmalar genişlənir

2012-ci ilin statistik göstəricilərindən məlum olur ki, ölkəmizdə nağdsız ödənişlərin miqdarı ötən illərlə müqayisədə artıb. Lakin hazırkı artım göstəricisini yetərli hesab etmək mümkün deyil. Ekspertlər hesab edir ki, ölkədə nağdsız hesablaşmaların inkişafı banklar və kart sahibləri tərəfindən paralel şəkildə həyata keçməlidir. Doğrudur, dövlət bu istiqamətdə müəyyən çağırışlar edir və addımlar atır. Lakin əgər müştərilər ticarət şəbəkələrində kartlar ilə hesablaşmasa və yenə də bankomatlarda pulu nağdlaşdırmağa davam etsələr, belə təşəbbüslərin dəyəri heçə enə bilər. Yəni vətəndaşlar özləri nağdsız hesablaşmalarda maraqlı olmalıdırlar.

Bununla yanaşı, mütəxəssislər əmindir ki, nağdsız hesablaşmalar zaman ötdükdə nağd hesablaşmaları sıxışdıracağı labüddür. Çünki bu, dünya tendensiyasının tələbidir. Onların sözlərinə əsasən, nağdsız hesablaşmaların səviyyəsi ölkə iqtisadiyyatının inkişafını müəyyən edən əsas meyarlardan biridir. Yəni iqtisadi tərəqqi nə qədər yüksək olarsa, dövriyyədə bir o qədər az nağd pul olar. Nağd pulun azlığı həm korrupsiyaya, həm vergidən yayınmaya, həm də qara bazara vurulan ciddi zərbədir. Bir sözlə, bütün bunlar da birmənalı olaraq vətəndaşın həyat və yaşam səviyyəsinin yüksəlməsinə xidmət edən amillərdən biri və bəlkə də ən başlıcasıdır.

Nağdsız hesablaşmaların genişləndirilməsilə bağlı hökumət siyasi iradə sərgiləyir

Azərbaycan hökuməti də ölkədə nağdsız hesablaşmaların dairəsini genişləndirmək məqsədilə əhəmiyyətli addımlar atır. Elə onun nəticəsidir ki, həm nağdsız hesablaşmaların miqdarı ilə bağlı artımlar hiss olunur, həm də bu sahədə insanların biliklərinin getdikcə çoxalması nəzərə çarpır.

Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan prezidenti cənab İlham Əliyev də bu məsələyə xüsusi diqqət ayırmış və ölkədə nağdsız ödənişlərin dairəsinin genişləndirilməsinin labüdlüyünü vurğulamışdır. Ölkə başçısının tapşırıq və göstərişlərinə əsasən, hazırda bir neçə dövlət orqanlarında bu məsələ ilə bağlı təkliflər, eləcə də sənədlər toplusu hazırlanır. Görsənən odur ki, yaxın zamanlarda ölkə əhalisi nağdsız hesablaşmalardan daha geniş şəkildə istifadə etməyə başlayacaq.

Nağdsız ödənişlər üçün avadanlıq quraşdırılması məcburi ola bilər

Yaxın vaxtlarda Azərbaycanda müəyyən xidmət və ticarət sahələrində POS-terminal, yəni nağdsız ödənişlər üçün avadanlıq quraşdırılması məcburi ola bilər. Bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev məlumat verib. O bildirib ki, ölkə prezidentinin Nazirlər Kabinetinin son iclasında nağdsız ödənişlərin genişləndirilməsi ilə bağlı tapşırığına uyğun olaraq nazirlik sənədlər toplusu hazırlayıb. Onun sözlərinə görə, nağd hesablaşmaların məhdudlaşdırılması ilə bağlı həm stimullaşdırıcı, həm məhdudlaşdırıcı, həm də nəzarət müddəaları öz əksini tapacaq. Ona görə də həmin paket sənədin hazırlanması zamanı indiyə qədər mövcud olan qanunvericilikdə hansı dəyişikliklərin aparılması öz əksini tapacaq.

«Qərb adamının cibində 50 avrodan artıq pul tapmaq qeyri-mümkündür».

Məsələ ilə bağlı fikirlərini «Rabitə dünyası» ilə bölüşən iqtisadçı ekspert, millət vəkili Əli Məsimli bildirib ki, beynəlxalq praktikada, maliyyə-kredit, pul siyasətində nağdsız hesablaşmalar xüsusi yer tutur. Onun sözlərinə görə, iqtisadiyyatı oturuşmuş sistemləri nağdsız hesablaşmalardan kənar təsəvvür etmək mümkün deyil:

- Bu, həm bilavasitə iri ödənişlərin həyata keçirilməsində istifadə olunur, (məsələn, vergilər, rüsum, iqtisadi fəaliyyətlə bağlı sahələrdə həyata keçirilir) həm də xırda ödənişlərin həyata keçirilməsində istifadə olunur (yəni kommunal haqların ödənilməsi, pərakəndə ticarət və sairə). Ona görə də Qərb adamının cibində 50 avrodan, 50 dollardan artıq pul tapmaq qeyri-mümkündür. Qalanlarını isə nağdsız hesablaşma vasitəsilə həyata keçirir. Azərbaycanda da, xüsusən son illərdə nağdsız hesablaşmaların inkişaf etdirilməsi istiqamətində qəbul olunan proqram sənədlərinə uyğun surətdə bu istiqamətdə müəyyən işlər görülüb və artıq su, işıq, telefon, internet pulları, qaz pullarının xüsusi kartlar vasitəsilə ödənilməsi həyata keçirilir. Ölkədə elektron ticarət yeni yaranıb və inkişaf etməkdədir, onun tətbiqinin də günü – gündən genişləndiyini müşahidə edirik. Bütün bu istiqamətdə görülən işləri, həyata keçirilən layihələri müsbət qiymətləndirməklə yanaşı, hələlik nağdsız hesablaşmaların səviyyəsini yetərli hesab eləmək olmaz. Bunun üçün əlavə tədbirlər proqramları hazırlayıb həyata keçirmək lazımdır.

Nağdsız hesablaşmalar cəmiyyətə nə verəcək?

Bu suala cavab verərkən Ə.Məsimli cəmiyyətdə nağdsız hesablaşmaların hansı müsbət tərəflərinin, hansı xeyri verəcəyi ilə bağlı məlumat azlığının olduğunu önə çəkib. O, ilk növbədə bildirib ki, nağdsız hesablaşmalar korrupsiyanın qarşısının alınmasında, bir sıra sui-istifadələrin aradan qaldırılmasında, "kölgə iqtisadiyyatı"nın dairəsinin məhdudlaşdırılmasında çox əhəmiyyətli rol oynayır:

- Azərbaycanda da "kölgə iqtisadiyyatı"nın dairəsinin məhdudlaşdırılması istiqamətində geniş işlər görülür. Bilirsiniz ki, "kölgə iqtisadiyyatı"nın leqallaşdırılması, vergiyə cəlb edilməsi büdcəyə əlavə vəsaitin daxil olması, əlavə vəsait isə ölkənin qarşısında duran iqtisadi və sosial problemlərin həllinə əlavə maliyyə vəsaitlərinin cəlb olunması deməkdir. Mən deyərdim ki, burada söhbət milyard manatlarla ölçülən əlavə vəsaitlərin cəlb edilməsindən gedir. Digər tərəfdən isə nağdsız hesablaşmalar geniş vüsət alsa, bu, həm də vergi yükünün aşağı düşməsi istiqamətində hökumət tərəfindən növbəti addımların atılması üçün yaxşı bir zəmin yaradar.

«Nağdsız hesablaşmalarla bağlı əhalinin biliklərinin artması elektron ticarətin miqdarının çoxalmasına şərait yaradacaq»

Ə.Məsimli hesab edir ki, nağdsız hesablaşmaların artması, bu istiqamətdə biliklərin çoxalması, təbii ki, elektron ticarətin dairəsini genişləndirmiş olacaq: «Ona görə də kütləvi informasiya vasitələrində, xüsusən də televiziyalarda nağdsız hesablaşmaların istiqamətlərini necə həyata keçirmənin sadə üsullarının insanlara izahı təşkil olunmalıdır. Nağdsız hesablaşmalarla bağlı insanların bilikləri artdıqda bu zaman ölkədə təqdim edilən elektron xidmətlərdən istifadə edənlərin sayı da çoxalacaq. Öncə bildirim ki, dövlət orqanlarının təklif etdiyi elektron xidmətlərdən və nağdsız hesablaşmalardan istifadə birinci növbədə vətəndaş üçün həm iqtisadi cəhətdən əlverişlidir, həm də bunun vasitəsilə dövlətin quruculuğunda iştirak etmiş olur. Bu gün bütün dünyada ən dəyərli, ən qiymətli nəsnə vaxtdır. "Elektron hökumət" insanlarımızın vaxt itkisinin qarşısını alır.

Onların həyatını asanlaşdırır. "Elektron hökumət" və nağdsız hesablaşmalar insanların təfəkkürünün yeni mərhələyə qalxmasında əhəmiyyətli rol oynayır».

Seymur Qasımbəyli

qasimbeyli@gmail.com





02/02/13    Çap et