Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Videooyunların faydalı olduğu məlum olub


Nottinqem Trent Universitetində çalışan alim Mark Qriffitsin yeni araşdırmasına əsasən, kompüter və videooyunlar insan həyatına müsbət təsir göstərir. Britaniyanın "Sun" qəzetinin elektron versiyası yazır ki, araşdırmaya görə, oyunlar insanların gündəlik həyatda istifadə etdiyi bir sıra keyfiyyətlərin yüksəlməsinə kömək edir.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, alimin sözlərinə görə, oyun prosesi insan həyatına bir sıra müsbət təsirlər (maarifləndirici, özünəinam və sairə) göstərir. Videooyunlar arxasında xeyli vaxt keçirmək istisna olmaqla, onların insana mənfi təsir göstərməsi ilə əlaqədar heç bir sübut yoxdur.

"Mənim üç uşağım var və hər biri vaxtlarının bir hissəsini televizor ekranı qarşısında əyləşərək oynamaqla keçirir – alim bildirib. Mən hesab edirəm ki, əgər uşaqlar ev tapşırığını yerinə yetirib, dostları ilə oynayıb və idmanla məşğul olublarsa, o zaman qalan vaxtlarını necə keçirməyi onların öhdəsinə buraxmaq lazımdır. "Oyun bazarının həcmi artıb – Qriffits bildirib. Oyun sənayesinin populyarlığının artması ondan fayda götürməyimizlə əlaqədardır".

"Oyunda qalib gəldiyimiz zaman özümüzü yaxşı hiss edirik və bu, özünəinamı yüksəldir. Pis gün keçirdiyimiz zaman isə oyunlar fikirlərimizi dağıdır" – o, bu barədə əmin olduğunu bildirib.

Araşdırmanın müəllifi, həmçinin qeyd edib ki, hazırda populyar "Call of Duty" videooyunu koordinasiyaya, göz ilə əlin sinxron şəkildə işləməsinə müsbət təsir göstərir, həmçinin hadisələrə reaksiya vermə sürətini artırır. "Lakin bu oyun 18 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulduğundan mən uşaqlarıma onu oynamağa icazə vermirəm" – Qriffits izah verib.

"Aqressiv oyunların azyaşlılara mənfi təsir göstərmək şansı çoxdur – alim hesab edir. Mən bildiyim qədər, bu cür oyunların böyüklərə mənfi təsir göstərməsi ilə bağlı heç bir sübut yoxdur".

Emil Hüseynov




04/02/13    Çap et