Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “Türksoylu xalqların elektron media kataloqu” nəşr olunub


Bu yaxınlarda "Türksoylu xalqların elektron media kataloqu" adlı kitab işıq üzü görüb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dünya Gənc Türk Yazarlar Birliyinin məlumatında deyilir. Gənc jurnalist Əfsanə Bayramqızının (Ələsgərli) tərtib etdiyi kataloq "Elm və təhsil" mətbəəsində çap edilib. Kataloqda türksoylu xalqlara aid müxtəlif məzmunlu əhəmiyyətli saytlar yer alır.

Kitab Azərbaycan başda olmaqla, 7 müstəqil türk dövləti, muxtar respublika və vilayətləri, eləcə də azsaylı türk toplumlarının internetdə fəaliyyət göstərən əsas media resurslarını əhatə edir. Buraya dövlət strukturları, əsas aparıcı qəzet və jurnallar, informasiya agentliklərinin saytları, xəbər portalları, eləcə də mədəni irsi, ədəbiyyatı, musiqi və digər sahələri əhatə edən elektron resurslar daxildir.

Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlu, rəyçilər filologiya elmləri doktoru Almaz Ülvi və "Art of Beauty" dərgisinin redaktoru Novruz Novruzovdur. Nəşrin hazırlanmasında məqsəd ortaq tarixi keçmiş, dil, mədəni irs və adətlərə malik türksoylu xalqları əhatə edən virtual elektron resursları bir araya toplamaq, bununla da türk coğrafiyasında olan jurnalistlər, media arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verməkdir.

Çünki müasir dövrdə xalqlar arasında ictimai-siyasi, mədəni əlaqələrin güclənməsində eynisoylu xalqların bir-birilərinin cəmiyyətləri haqqında daha çox məlumatların əldə edilməsində elektron resursların, medianın üzərinə böyük iş düşür. Belə ki, qloballaşan dünyada böyük coğrafiyaya səpələnmiş türk xalqları virtual elektron medianın imkanlarından istifadə edərək bir-birlərini daha yaxından tanıya, eyni zamanda gələcəkdə özlərinə aid vahid informasiya məkanını yarada bilərlər.

Kitab yazarlar, eləcə də Türk Dünyası mediası ilə maraqlanan oxucular, mütəxəssislər üçün nəzərdə tutulub.


CAHANGİR




05/02/13    Çap et