Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə ən çox gözlənilən texniki yeniliklər
Bu gün 2013-cü ildə baş verəcək texniki yenilikləri təsəvvür etmək çətindir. Hər yeni gün inqilabi texnoloji konsepsiyalar və kəşflərin meydana çıxmasıyla yadda qalır.
Kompüter əməliyyatlarının onlayn həyata keçirilməsi, kanallar və İnternet şəbəkələrinin inteqrasiyası, kompüter çipləri, son qadcet qurğuları, “iPhone”, “iPad”, “Google”, “Facebook” və “YouTube” konsepsiyaları – həyatımızı radikal dəyişdirən yeniliklərdir. Bu gün sanki bütün dünya gözləmə vəziyyətindədir: texnoloji inkişafın ən yüksək və pik nöqtəsi olacaq hansı hadisənin baş verəcəyini öyrənmək arzusundadır.
“ICTnews.az” elektron xəbər xidməti Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, 2013-cü ilin 10 ən gözlənilən texniki yenilik və konsepsiyalarını təqdim edirik.
Virtual iş yeri
Yaxın gələcəkdə virtual iş yerləri yaradılacaq ki, bu da ofislərə hər gün baş çəkmək zərurətini aradan götürəcək. İşçilərin öz həmkarları ilə audiovizual ünsiyyət qurması üçün yeni texnologiyalar təqdim olunacaq. Artıq oxşar texnologiyalar mövcud olsa da, məhz onların yaxşılaşdırılması və geniş tətbiqi üzrə sıçrayış baş verəcək.
5 hisli “IBM” kompüterləri
“IBM” “beşdən beş” hislərə malik kompüter texnologiyalarının müxtəlif variantlarını təqdim edir. Onların arasında tamamilə qeyri-real görünən texnologiyalarla yanaşı, geniş ictimaiyyətə təqdim edilmiş siyahıda reallığa çox yaxın texnologiyalar da var.
“IBM” bildirir ki, şirkət yaxın gələcəkdə bizi əhatə edən hər şeyə - səki, qapı, pəncərə və rənglərə də günəş texnologiyalarını tətbiq edə biləcək. Nazik plyonkalı günəş kompüter texnologiyası öz elastikliyi sayəsində praktiki olaraq hər yerdə tətbiq edilə biləcək.
Gələcəyin zooparkı
Müasir texnologiyaların sürətli inkişafının nəticəsi olaraq tezliklə nəsli kəsilmiş heyvanları da görə biləcəyik. Bu, klounlaşdırma, gen mühəndisliyi və s. texnologiyalar əsasında mümkün olacaq.
Kompüterlərdə süni intellekt
Süni intellekt sahəsində məşhur tədqiqatçı olan Ben Qersel bildirib ki, alimlər açıq ilkin kodun texnologiyasından istifadə edərək çox tezliklə tam süni intellekti yaratmağa nail olacaqlar. Qersel qeyd edib ki, süni kompüter intellektinin “təlimi” üçün kompüterə insan həyatının müxtəlif sahələrini öyrənmək imkanını verən müxtəlif oyunlar və proqram təminatından istifadə olunacaq. “Gələcəyin texnologiyası” bu gün reallığa çevrilməyə daha çox yaxındır.
Ölülərin virtual zalları
Alimlər insanların dünyasını dəyişmiş valideynləri və ulu babalarını unutmaması üçün unikal üsul kəşf ediblər. Bu, dünyasını dəyişmiş qohumlar haqqında bütün informasiyaların saxlanılacağı virtual zalların və verilənlər bazalarının yaradılması texnologiyasının köməyi ilə mümkün ola bilər.
Çox tezliklə insanlar özlərinə lazım olan verilənlər bazasına müraciət edərək əcdadları haqqında bütün lazımi informasiyanı əldə edə biləcəklər.
Bərk hidrogen: gələcəyin enerjisi
Elektrik – bütün müasir aparatları bu və ya digər üsulla qidalandıran enerjidir. Alimlərin əksəriyyəti təsdiq edir ki, elektrikin “qardaşı-yoldaşı” hidrogendir. Çox tezliklə biz hidrogendən enerji mənbəyi kimi istifadə edə biləcəyik.
Belə iddia olunur ki, hidrogen bəşəriyyətin gələcəyini xilas etmək potensialına malikdir. Əlbəttə, bu haqda danışmaq hələ çox tezdir. Lakin bu gün bir çox alimlər hidrogeni karbondan istifadədən daha təmiz və sağlam alternativ hesab edirlər.
2013-cü ilin qənaətcil avtomobilləri
Yanacaq qiymətlərinin sürətlə qalxması avtomobil firmalarının istehsalçılarını alternativ enerji mənbəyinin axtarışına sövq edib. Artıq bu gün sürücülər bu və ya digər üsulla yanacaq xərclərini azaltmağa çalışırlar.
Bu problemin həlli günəş və hidrogen enerjisi ilə işləyən, sürət və funksionallığı yanacaqla idarə olunan avtomobillərdəki kimi olan hibrid avtomobillərdən istifadədir.
“Hər şey birində” mobil telefonları
İstehsalçılar günü-gündən mobil telefonlara daha çox texnologiyalar tətbiq edirlər. İnamla demək olar ki, yaxın vaxtlarda insanların sağlamlığının diaqnozu və nəzarəti ilə bağlı funksiyalara malik mobil telefonlar hazırlanacaq.
Mobil telefon qanda xolesterinin səviyyəsi, qadının hamilə olub-olmadığı, insanın hər hansı xəstəliyinin olması barədə məlumat verəcək. Diaqnostik proseduraların əksəriyyəti insanın qan nümunəsinin analizi vasitəsi ilə həyata keçiriləcək.
Gələcəyin tamaşaçıları – onlayn-video
“ABI Research”in verdiyi məlumata görə, 2013-cü ildə videohostinqlər və veb-saytların istifadəçilərinin sayı dörd dəfə artacaq. Bu da öz növbəsində, İnternet-sahibkarlara nəzərdə tutulan tendensiyadan maksimum yararlanmağa imkan verəcək. Bundan başqa, genişzolaqlı şirkətlər yükləmə və baxışların sürətini 10 dəfə artırmağa hazırlaşır ki, bu da istifadəçilərin sayının çoxalmasına səbəb olacaq.
Yer kürəsinə oxşar planetlər
Belə bir fikir mövcuddur ki, bu gün bəşəriyyət Yerdən kənarda həyatın kəşfi mərhələsindədir. Dünyanın aparıcı tədqiqatçılarından və ən yaxşı astrofiziklərindən biri olan Alan Boss əmindir ki, çox tezliklə bəşəriyyət Yer kürəsinə oxşar planetləri kəşf edəcək. Bundan başqa o güman edir ki, bu planetlərdə bizə oxşar və ya bizdən fərqlənən insanlar məskunlaşacaq.
Bütün bu ixtiralar bəşəriyyət tarixində yeni eranın başladığından xəbər verir.
Emil Hüseynov
07/02/13 Çap et