9 dövlət qurumunun 22 informasiya sistemi dövlət qeydiyyatına alınıb
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi 2012-ci ilin dekabr ayından dövlət informasiya ehtiyatlarının reyestrinin, eləcə də fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatının (reyestrinin) aparılmasına başlayıb.
2013-cü ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Ali Məhkəməsi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Bakıelektrikşəbəkə" ASC, Qaçqınların və Məcburi Köçkün¬lərin İşləri üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən mülkiyyətlərində olan dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemləri barədə məlumatlar daxil olub.
Həmin məlumatlar Məlumat Hesablama Mərkəzi tərəfindən dəqiqləşdirilərək reyestrlərdə dövlət qeydiyyatına alınıb. Ümumilikdə bu günə kimi 9 qurumun 22 informasiya sistemi dövlət qeydiyyatına alınıb.
Eyni zamanda, "Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə"nin 9.4-cü bəndinə və "Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları"nın 3.1-ci bəndinə uyğun olaraq reyestrlərdə qeydiyyata alınmış dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemləri üzrə reyestrdən çıxarışlar təsdiq edilərək aidiyyəti dövlət qurumlarına təqdim olunub.
Dövlət informasiya ehtiyatlarının reyestrinə və fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına "Elektron hökumət" portalı vasitəsilə
governmentsregistry.ehdis.az daxil olmaq olar.
Hal-hazırda daxil olan dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin reyestrlərdə qeydiyyata alınması istiqamətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müvafiq işlər davam etdirilir.