Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın ilk peyki artıq orbitdədir


Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb.

ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən istehsal olunan və Fransanın "Arianespace" şirkəti tərəfindən öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5″ raketdaşıyıcısı ilə orbitə buraxılan "Azerspace-1" peyki raket kosmodromdan qalxdıqdan təqribən 33 dəqiqə sonra raketin gövdəsindən uğurlu şəkildə ayrılıb.

Peyk buraxılışı üzrə dünya bazarının 50%-dən çox hissəsinə malik və fəaliyyətə başladığı 1980-ci ildən müxtəlif raketdaşıyıcılarla bütövlükdə 242 peyk buraxılışı həyata keçirmiş "Arianespace" şirkəti üçün "Azerspace-1" peykinin buraxılışı "Ariane-5" raketdaşıyıcısı ilə 2002-ci ildən etibarən həyata keçirilən 54-cü ardıcıl uğurlu buraxılış hesab olunur.

"Azerspace-1" peyki "Orbital Sciences" korporasiyası tərəfindən işlənib hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi STAR-2 peyk platforması əsasında yığılıb. Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3.2 ton çəkisi olan "Azerspace-1" peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir.

Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. "Azerspace-1" peykinin texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən 1/3 hissəsini əhatə edəcək coğrafiya üzrə milyonlarca insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcəkdir.

İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaqdır. Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, eyni zamanda kommersiya xarakterli və gəlirli bir layihədir.

Əlamətdar haldır ki, hələ peyk buraxılmamış peykin tutumlarının 40 %-i artıq uzunmüddətli icarə razılaşması əsasında satılıb. "Azerspace-1" peykinin sığortalanması ilə əlaqədar bağlanılan müqaviləyə əsasən, orbitdə baş verə biləcək bütün qəza hallarında "Azərkosmos" ASC sığorta ödənişləri hesabına "Azerspace-1" layihəsini davam etdirmək imkanına sahib olacaqdır.




08/02/13    Çap et