Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəşad Nəbiyev: “Peykin orbitə buraxılması ölkəmizdə kosmik sənayenin yaradılması istiqamətində atılan uğurlu addımların başlanğıcıdır”


"Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük".

Azərbaycan Respublikası Prezidentinin ilk kosmik peykimizin orbitə buraxılması münasibəti ilə Azərbaycan xalqına ünvanlanan təbrik məktubunda qeyd edildiyi kimi, ötən gecə Azərbaycanın kosmik həyatında ilk uğurlu addım atıldı. Həyata keçirilən genişmiqyaslı işlər göstərir ki, bu hələ başlanğıcdır. Azərbaycanın ilk telekommunikasiya peyki, ölkəmizdə kosmik sənayenin yaradılması, həyata keçirilən işlərdən əldə ediləcək dividendlər və gələcək perspektivlər barədə suallarımızı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azerkosmos" ASC-nin sədri Rəşad Nəbiyev cavablandırıb.

• Ötən gecə Azərbaycan ilk telekommunikasiya peykini uğurlu şəkildə orbitə çıxardı. İlk öncə səmimi təbriklərimizi qəbul edin və bilmək istərdik ki, ümumiyyətlə, bu addım ölkənin inkişafına nə kimi töhfə verəcək?

- İlk öncə bu mühüm hadisə münasibəti ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda olmaqla Azərbaycan hökumətini və dəyərli Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik. Olduqca qürurverici anlara şahidlik etdik, böyük sevinc və iftixar hissi keçirdik. Azərbaycanın ilk telekommunikasiya peykinin belə uğurlu şəkildə orbitə buraxılmasında əməyi keçən hər bir kəsə dərin minnətdarlığımızı bildiririk.

Bildiyiniz kimi, iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı ilə bağlı Azərbaycan hökuməti tərəfindən həyata keçirilən əsas layihələrdən biri də peyk layihəsidir. Bununla əlaqədar olaraq, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" ölkə başçısının sərəncamı, həmçinin kosmik sənayenin yaradılması və inkişafı üzrə "Dövlət Proqramı"nın təsdiq edilməsi ölkədə kosmik sahənin inkişafına və peyk layihəsinin həyata keçirilməsinə xüsusi zəmin yaratmışdır.

Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə buraxılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, tam təchizatlı maddi-texniki bazanın yaradılması, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir.

İnformasiya-kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alındıqda, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız siyasi və ya kommersiyal səciyyə daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar.

Peyk ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti tərəfindən işlənib hazırlanan "STAR-2" uçuş sınağından keçirilən platforma əsasında istehsal olunub və Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın "Arianespace" şirkətinin öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5″ raket daşıyıcısı ilə orbitə çıxarılıb.

Peyk Malayziya hökumətinə məxsus, Malayziyanın "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə olunan və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərkosmos" ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşib və 15 illik istismar müddətində Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcək. "Azerspace-1" peykinin orbitə buraxılması ilə peyk rabitəsi xidmətləri daha geniş və keyfiyyətli təşkil olunacaq.

Belə ki, "Azerspace-1" peyki orbitə buraxıldıqdan sonra Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli İP xidmətlərinin göstərilməsi təmin ediləcək, ümumiyyətlə, ötürülən bütün məlumatlara daha yaxşı nəzarət ediləcək, müxtəlif "elektron hökumət" layihələrinin həyata keçirilməsi üçün, həmçinin məsafədən təhsil və elektron səhiyyə kimi mühüm proqramlar üçün əlverişli platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkə zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu təqdim olunacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün yeni şifrələmə texnologiyası ilə mühafizə olunan və ən son tələblərə cavab verən müasir rabitə sistemi qurulacaq. İlk telekommunikasiya peyki ilə yanaşı, 2013-cü ildə aşağıorbitli peykin, daha sonrakı illərdə isə digər telekommunikasiya peyklərinin orbitə buraxılması nəzərdə tutulmuşdur.

Belə ki, növbəti illərdə ilk olaraq orta ayırdetməli aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək yüksək ayırdetməli bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılması planlaşdırılır. Azərbaycan üçün milli təhlükəsizlik və iqtisadi mənfəət baxımından böyük əhəmiyyət kəsb edən məsafədən zondlama peyklərinin orbitə çıxarılması istiqamətində aparılan işlər çərçivəsində ilkin olaraq aşağıorbitli peyklərin imkanlarının ölkəmizdə istifadə və tətbiq istiqamətlərinin öyrənilməsi üzrə yerli və xarici bazarlara dair araşdırmalar aparılmış və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlanılmışdır.

Məlum olmuşdur ki, ölkəmizdə, strateji əhəmiyyətli infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün monitorinqin aparılması, kosmosdan fövqəladə halların qarşısının alınması və idarə edilməsinə dəstək verilməsi, xəritəçəkmə və geodeziya, daşınmaz əmlak məsələlərinin həll edilməsi, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi, ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi və s. bu kimi bir sıra mühüm sahələrdə bu peyklərin xidmətlərindən səmərəli istifadə imkanları mövcuddur.

"Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş məqsədlər və dünyada mövcud inkişaf meyilləri nəzərə alınaraq, hazırda "Azərkosmos" ASC tərəfindən ölkənin informasiya təhlükəsizliyini təmin edəcək etibarlı və keyfiyyətli peyk rabitəsinin təmin edilməsi, yerin məsafədən zondlanması imkanlarından istifadə edilərək ölkənin iqtisadi qüdrətinin və elmi-tədqiqat potensialının artırılması nəinki peyk sənayesində, ümumiyyətlə, milli kosmik sənayenin formalaşdırılması, kosmik fəaliyyət sahəsində istehsal potensialının yaradılması və inkişaf etdirilməsi, kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən beynəlxalq inteqrasiyanın genişləndirilməsi istiqamətində mərhələli şəkildə işlər aparılır.

• Milli peyk layihəsinin reallaşdırılması Azərbaycana nə verəcək?

Hər hansı ölkədə kosmik sənayenin yaradılması ilk növbədə həmin ölkənin iqtisadi inkişafı və yüksək rifah səviyyəsi ilə bağlıdır. Azərbaycanın hazırkı inkişaf sürəti yeni bazar tələblərinə cavab verilməsi və ölkənin gələcəkdə dayanıqlı inkişafının təmin edilməsi baxımından iqtisadiyyatın şaxələndirilməsi və innovasiyaya əsaslanan yeni sənaye sahələrinin yaradılmasını zəruri edir.

Kosmik sənayeyə və peyk texnologiyalarına əsaslanan yenilikləri ümummilli inkişaf proqramına daxil etməklə, Azərbaycan hökuməti ölkəni iqtisadi cəhətdən gücləndirməyi, eyni zamanda mövcud intellektual potensialın inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsini hədəfləyir. Müxtəlif regional layihələr və beynəlxalq əməkdaşlıq proqramlarında fəal iştirak edən Azərbaycan, 21-ci əsrdə dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, yerli və qlobal problemlərlə mübarizədə ən son peyk texnologiyalarına əsaslanan həll yollarının işlənib hazırlanmasında mühüm iştirakçıya çevrilmək niyyətindədir.

Bu mənada iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı ilə bağlı Azərbaycan hökuməti tərəfindən həyata keçirilən əsas layihələrdən biri də peyk layihəsidir. Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə buraxılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsində, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir.

• Azərbaycana məxsus süni peykin olması ölkəmizin informasiya müstəqilliyi və informasiya təhlükəsizliyinə necə təsir göstərəcək?

İqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı ilə bağlı Azərbaycan hökuməti tərəfindən həyata keçirilən əsas layihələrdən biri də telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə buraxılmasıdır. Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili məqsədilə ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəsi olacağı gözlənilir. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda prioritet sahə elan edilmişdir.

Rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xarici ölkələrdən asılılığının aradan qaldırılmasını zəruri edir.

Belə ki, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Kosmik fəzadan və peyk xidmətlərindən səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsi məqsədi ilə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" qəbul olunmuşdur.

Hazırda "Azərkosmos" ASC bu proqrama uyğun olaraq ilk telekommunikasiya peykinin orbitə buraxılması və idarə edilməsi ilə yanaşı, Azərbaycanda etibarlı və keyfiyyətli peyk rabitə xidmətlərinin təmin edilməsi məqsədilə bir sıra digər layihələr üzrə də iş aparır. Yerin məsafədən müşahidəsi imkanlarından istifadə edilməsi (aşağıorbitli peyklər) ölkədə infrastrukturun və iqtisadiyyatın inkişafına, o cümlədən elmi-tədqiqat potensialının artırılmasına kömək edəcək. Azərbaycanda universal yerüstü stansiyanın qurulması və digər operatorların region üzərindən keçən yüksək ayırdetməli peyklərindən təsvirlərin qəbulu regional bazarda optik və radar təsvirlərə olan tələbatı ödəyəcək.

Kosmik fəaliyyət sahəsində istehsal potensialının yaradılması və inkişaf etdirilməsi kosmik sahə üzrə müxtəlif istiqamətlərdə beynəlxalq inteqrasiyanın genişləndirilməsinə, habelə kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsinə təkan verəcək.

İnformasiya-kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alındıqda, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız siyasi və ya kommersiyal səciyyə daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar.

• Azərbaycana məxsus süni peykdən istifadədə başqa dövlətlərlə əməkdaşlıq perspektivləri nə dərəcədə genişdir və buna maraq göstərən dövlətlər varmı?

Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. Əlamətdar haldır ki, hələ peyk buraxılmamış peykin tutumlarının 40 faizi artıq uzunmüddətli icarə razılaşması əsasında Malayziyanın peyk operatoru olan "MEASAT" şirkətinə satılmışdır.

Məlumdur ki, Azərbaycanın daxili ehtiyacları üçün peykin tutumlarının yalnız 20%-nə ehtiyac vardır, tutumların qalan hissəsi üzrə isə xarici bazarlarda satış imkanlarına dair araşdırmalar aparılmış, təkliflər qəbul olunmuş və bir çox razılaşmalar əldə olunmuşdur. Hazırda, daha çox satış imkanlarının müəyyən edilməsi məqsədilə beynəlxalq sərgi və konfranslarda iştirak olunur, topdansatış və teleport şirkətləri ilə danışıqlar aparılır, yerli televiziya şirkətlərinin ən qabaqcıl peyk texnologiyaları ilə təmin edilməsi məqsədilə inteqrasiya məsələləri üzrə iş aparılır.

Layihəyə göstərilən marağa gəldikdə isə, qeyd olunmalıdır ki, "Azərspace-1"-in orbitə buraxılmasının maliyyələşdirilməsi ilə əlaqədar əldə olunan kreditə dair saziş "GTR: Ticarət və Maliyyə Xəbərləri" jurnalı tərəfindən "2011-ci il üzrə ən yaxşı maliyyə sazişləri" sırasına daxil edilmişdir. "Azərspace-1" peykinin sığortalanması üzrə 1999-cu ildən bu günədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunmuşdur.

Bunun əsas səbəbi Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar aparılan uzunmüddətli araşdırma və danışıqlar nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən uğurlu peyk və buraxılış vasitəsinin seçilməsi, peykin və raketdaşıyıcısının istehsalı üçün ABŞ-ın "Orbital Sciences" və Fransanın "Arianespce" kimi etibarlı şirkətlərlə əməkdaşlıq edilməsidir.

İlk peykimiz Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda mühüm rol oynayacaqdır. Güclü strateji tərəfdaşlıqlar üzərində qurulan operativ fəaliyyət və müştəri məmnuniyyətinin əsas götürüldüyü iş prinsipləri "Azərkosmos" ASC tərəfindən təhlükəsiz və etibarlı peyk rabitə xidmətləri göstəriləcəyinə olan etimadı artıraraq layihəni kommersiya nöqteyi-nəzərindən region ölkələri üçün daha cəlbedici edir.

• Kosmik sənayenin inkişafı ilə bağlı başqa hansı layihələrin həyata keçirilməsi planlaşdırılır?

"Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş məqsədlər və dünyada mövcud inkişaf meyilləri nəzərə alınaraq, hazırda "Azərkosmos" ASC tərəfindən ölkənin informasiya təhlükəsizliyini təmin edəcək etibarlı peyk rabitəsinin təmin edilməsi, yerin məsafədən zondlanması imkanlarından istifadə edilərək ölkənin qüdrətinin və elmi-tədqiqat potensialının artırılması, milli kosmik sənayenin formalaşdırılması, kosmik fəaliyyət sahəsində istehsal potensialının yaradılması və inkişaf etdirilməsi, kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq inteqrasiyanın genişləndirilməsi istiqamətində mərhələli şəkildə işlər aparılır.

İlk olaraq telekommunikasiya peykinin, 2013-cü ildə aşağıorbitli peykin, daha sonrakı illərdə isə digər telekommunikasiya peyklərinin orbitə buraxılması hazırda bizi peyk rabitə xidmətlərinin istifadəçisindən təminatçısına çevirərək, eyni zamanda gələcəkdə bu sahə üzrə istehsalçı və beynəlxalq bazarın iştirakçısı qismində çıxış etməyimiz, habelə dünya informasiya məkanına inteqrasiyamız üçün güclü elmi-texniki və iqtisadi zəmin hazırlayır. Hazırda bu istiqamətdə aparılan işlərin əsas hissəsini kosmik sahə üzrə inkişaf etmiş təcrübəyə malik ölkələr ilə təcrübə mübadiləsi təşkil edir.

Bu mənada, "Azərkosmos" ASC ABŞ, Fransa, Kanada, Malayziya, İtaliya, Meksika, Türkiyə kimi ölkələrlə sıx əməkdaşlıq edir. "Azərkosmos" ASC fəaliyyət göstərdiyi qısa müddət ərzində kosmik sənaye üzrə aparıcı xarici şirkətlər və maliyyə təsisatları ilə sıx əməkdaşlıq yaratmış, habelə BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsi (COPUOS) kimi bır sıra beynəlxalq təşkilatlarla kosmik sahə üzrə bir çox müstəvilərdə regional əməkdaşlıq istiqamətində mühüm işlər aparmışdır. Bu kimi əməkdaşlıq tədbirləri təcrübə mübadiləsi ilə yanaşı, kosmik fəaliyyətin ölkənin üzv olduğu müvafiq beynəlxalq təşkilatların fəaliyyəti çərçivəsində həyata keçirilməsi, respublikanın regional və beynəlxalq əhəmiyyətli kosmik proqramlarda iştirakını hədəfləyir.

• Bu sahə ilə bağlı Azərbaycanda yetərincə peşəkar kadrlar varmı, yaxud hansı ölkələrdən mütəxəssislər cəlb olunub?

Ölkəmizdə texnologiya tutumlu sahələrin yeni təşəkkül tapmasına və peyk sənayesinin yaradılması işinə son illərdə başlanılmasına baxmayaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərkosmos" ASC işçi heyətinə yüksək ixtisaslı kadrlar cəlb edərək, mütəmadi olaraq onların xaricdə ixtisasartırma məqsədilə müxtəlif təlimlər və kurslarda iştirakını təmin edə bilmişdir.

Bununla yanaşı, "Azərkosmos" ASC bir sıra texniki və texnologiya yönümlü ixtisaslar üzrə təcrübəli mütəxəssislərin işə cəlb edilməsinə hər zaman böyük diqqət yetirir. Texniki sahə üzrə mütəxəssislərin icra edəcəkləri vəzifələrə uyğun hazırlanması məqsədilə 2011-ci ilin oktyabr ayından başlayaraq "Azərkosmos" ASC-nin texniki heyəti mərhələli olaraq peykin istehsalçı şirkəti olan ABŞ-ın "Orbital Sicences" korporasiyasında və Malayziyanın "MEASAT" şirkətində peykin idarə edilməsi və istismarı prosesini daha dərindən mənimsəmək, professional təcrübə və vərdişlərə yiyələnmək məqsədilə müxtəlif kurs və təlimlərdə iştirak etmişlər . Artıq texniki əməkdaşların çox hissəsi müvafiq olaraq 5-6 aylıq kurs keçdikdən sonra ölkəmizə qayıtmışlar. Kurslar yüksək səviyyədə keçmiş və təcrübə əldə edilməsi baxımından çox əhəmiyyətli olmuşdur.

Bununla yanaşı, "Azərkosmos ASC-nin əməkdaşları bir sıra ölkələrdə peyk sənayesi üzrə keçirilən ixtisaslaşmış kurs və təlimlərdə, o cümlədən konfrans və seminarlarda fəal iştirak edərək, təcrübə mübadiləsi aparmaqda davam edirlər. Belə ki, "Azərkosmos" ASC-nin əməkdaşları ötən bir neçə ay ərzində Latviya Respublikasının Riqa şəhərində "Qlobal naviqasiya və peyk sistemlərinin tətbiqi" mövzusunda keçirilmiş seminarda, İtaliya Respublikasının Roma şəhərində "Radar məhsullarının marketinqi və tətbiqi" mövzusunda keçirilmiş beynəlxalq konfransda, Böyük Britaniyanın Surrey Universiteti tərəfindən təşkil olunan "Radiotezlikli dövrələr və sistem dizaynı" mövzusunda təlimdə, Çin Xalq Respublikasının Pekin şəhərində "Peyklərin tətbiq texnologiyaları" mövzusunda keçirilmiş kursda, Almaniyanın Berlin şəhərində keçirilmiş kosmik sahə üzrə mütəxəssislərin ixtisasartırma kurslarında, o cümlədən ölkə daxilində təşkil olunan müxtəlif qısamüddətli kurs və təlimlərdə fəal şəkildə iştirak etmişlər.

• "Azerspace-1" peykinin texniki parametrləri necədir? Peykin istehsalı hansı platforma üzərində aparılır? Onun çəkisi nə qədər təşkil edəcək? Onun üzərində neçə transponder olacaq? Onların gücü və ötürmə qabiliyyəti nə qədər təşkil edəcək və hansı diapazonları əhatə edəcək? Peykin orbitdə fəaliyyəti neçə il təşkil edəcək?

"Azerspace-1" hibrid C-band və Ku-band telekommunikasiya peyki "Orbital Sciences Corporation" tərəfindən işlənib hazırlanan "STAR-2" uçuş sınağından keçirilən platforma əsasında hazırlanır. Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir. Peyk Malayziya hökumətinə məxsus, Malayziyanın "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə olunan və "Azərkosmos" ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstərəcəkdir.

Peykin çəkisi 3300 kq təşkil edir. Peykin faydalı yükü üzrə 36 transponderi var (24 C-band və 12 Ku-band). Hər bir transponder 36 MHz zolaq enliyindədir. "Azerspace" peyki C diapazonlu 24 transponderlə və Ku diapazonlu 12 transponderlə təchiz olunub. Peyk rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. Bizim peykin orbitdə istismar müddətinin 15 ilə qədər təşkil etməsi gözlənilir.

• Peykin istifadəsi Azərbaycanda internetin sürətinə və qiymətlərinə necə təsir göstərə bilər?

"Azərkosmos" ASC peyk rabitə xidmətlərini təklif edən peyk operatoru şirkəti kimi təbii olaraq bazarda rəqabətin çoxalmasına, rəqabət mühitində rabitə xidmətlərinin keyfiyyətinin artmasına töhfə verəcəkdir. İqtisadiyyatın qəbul edilmiş təbii qanunudur ki, təklif və rəqabətin artması bazar qiymətlərinə müsbət təsir göstərir.

Başqa sözlə, "Azərkosmos" ASC-nin sahə üzrə bazar qiymətlərinə birbaşa təsirindən söhbət getmir, peyk tutumlarının satışının təşkili vasitəsilə rabitə xidmətləri üzrə keyfiyyət və rəqabət mühitinin ümumi olaraq inkişaf etdirilməsi və beləliklə də bazarda gözlənilən müsbət dəyişikliklərin əldə olunmasına təsir göstərilməsi nəzərdə tutulur.

• "Azərspace-1" peyki vasitəsi ilə radio və televiziya yayımının həyata keçirilməsi, kəsintisiz və şifrələnmiş rabitə əlaqəsinin qurulması, yüksəksürətli internet şəbəkəsinin və məlumatların ötürülməsi sisteminin təmin edilməsi nəzərdə tutulur. Bunu Azərbaycanın rabitə sahəsində dünya standartlarına uyğunlaşması yönündə atılan mühüm addım kimi xarakterizə etmək olarmı?

Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli İP xidmətlərinin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaqdır.

"Azərkosmos" ASC peyk rabitə xidmətlərini təklif edən peyk operatoru şirkəti kimi təbii olaraq bazarda rəqabətin çoxalmasına, rəqabət mühitində rabitə xidmətlərinin keyfiyyətinin artmasına töhfə verəcəkdir. İqtisadiyyatın qəbul edilmiş təbii qanunudur ki, təklif və rəqabətin artması bazar qiymətlərinə müsbət təsir göstərir.

Başqa sözlə, "Azərkosmos" ASC-nin sahə üzrə bazar qiymətlərinə birbaşa təsirindən söhbət getmir, peyk tutumlarının satışının təşkili vasitəsilə rabitə xidmətləri üzrə keyfiyyət və rəqabət mühitinin ümumi olaraq inkişaf etdirilməsi və beləliklə də bazarda gözlənilən müsbət dəyişikliklərin əldə olunmasına təsir göstərilməsi nəzərdə tutulur.

"Azerspace-1" telekommunikasiya peykinin dizaynı və qoşulma imkanları vasitəsilə dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə biləcəkdir. Güclü strateji tərəfdaşlıqlar üzərində qurulan operativ fəaliyyət və müştəri məmnuniyyətinin əsas götürüldüyü iş prinsipləri "Azərkosmos" ASC tərəfindən təhlükəsiz və etibarlı peyk rabitə xidmətləri göstəriləcəyinə olan etimadı artıraraq layihəni kommersiya nöqteyi-nəzərindən region ölkələri üçün daha cəlbedici edir.

Z.İLQAR





09/02/13    Çap et