Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azad Avropa” radiosu Azərbaycan peyki haqda məlumat verdi
"Azərbaycan artıq öz ilk peykini orbitə buraxıb. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri bildirib ki, peykin orbitə uçuşu vaxtı heç bir hadisə baş verməyib"- bu fikirlər "Azad Avropa" radiosunun efirində səslənib.
Daha sonra peyk haqqında məlumat verilərək qeyd olunub ki, "Azerspace-1/Africasat-1a" peykinin fəzaya buraxılışı Fransız Qvianada yerləşən Kuru Kosmik Mərkəzində baş verib. Peyk orbitə "Ariane 5" raketi vasitəsilə çıxarılıb. Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanovun fevralın 7-də jurnalistlərə verdiyi açıqlamasından sitat gətirilib:
"Azərbaycanın ilk telekommunikasiya peykinin fəzaya uçuşu Birləşmiş Ştatlar Sənayesi ilə Azərbaycan Hökuməti arasında baş verən uğurlu əməkdaşlığın vacib bir mərhələyə qədəm qoyduğunu ifa edir. Dəyəri 120 milyon ABŞ dolları təşkil edən peyk Virciniyada yerləşən və peyk və digər kosmik avadanlıqların istehsalında ixtisaslaşan "Orbital Science Corporation" şirkəti tərəfindən işlənib, quraşdırılıb və sınaqdan keçirilib. Faydalı yük üzrə 36 ədəd transponder ilə təchiz olunmuş "Azerspace-1/Africasat-1a" peyki Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Şimali Afrika regionlarında yerləşən ölkələrə telekommunikasiya xidmətləri göstərə biləcək. Peykə quraşdırılan müasir sistemlər rəqəmli translyasiya, internetə çıxış, məlumat ötürülməsi və hökumət rabitəsini dəstəkləyir. Malayziyanın "Measat Satellite Systems" şirkətindən icarəyə götürülən orbital mövqedə işə salınmazdan əvvəl peyk orbitdə sınaqdan keçirilməlidir. Peykin istismar müddəti 15 il təşkil edir".
Efirdə Azərbaycanın peyk rabitəsi istiqamətində atdığı addımın ölkənin öz karbohidrogen ehtiyatları üzərində qurulan iqtisadiyyatını şaxələndirmək cəhdi kimi qiymətləndirilib.
Sitat: "2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkənin kosmik sənayesinin inkişafı üzrə milli agentlik yaradılıb. Lakin bəzi ekspertlər inanmırdı ki, bu ölkə Birləşmiş Ştatlar, Rusiya və Çin kimi dünya peyk bazarının əsas oyunçuları ilə rəqabət etmək üçün kifayət qədər vasitələrə malikdir. Baxmayaraq ki, Azərbaycan ərazisində yerləşən bəzi obyektlər Sovet kosmik proqramının həllində istifadə olunurdu, bu obyektlərdə mövcud olan bütün avadanlıqlar köhnəlmişdir. Bu səbəbdən, Azərbaycan peykini yerüstü idarəetmə sistemi ilə təmin etmək üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında xüsusi mərkəzlər tikilmişdir. Azərbaycan ikinci peykini 2016-cı ildə orbitə buraxmağı planlaşdırır".
Elçin Əliyev
09/02/13 Çap et