Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Stiv Voznyak: “"Apple" "ağıllı" telefon "müharibə"sində "Samsung"a uduzur”
"Apple"-ın həmtəsisçisi Stiv Voznyak hesab edir ki, Amerika şirkətinin "ağıllı" telefon bazarındakı əldə etdiyi uğurlara baxmayaraq, o, liderlik uğrunda aparılan "müharibə"də Cənubi Koreyanın "Samsung" şirkətinə uduzur. O, Almaniyanın " Wirtschafts Woche" jurnalına verdiyi müsahibədə belə qeyd edib.
"Məncə, "Apple" funksiyalarının sayına görə "ağıllı" telefon bazarında nəzərəçarpacaq dərəcədə geri qalır. "Samsung" güclü rəqibdir, ona görə də çox gözəl məhsullar hazırlayır" - Voznyak "Apple"-ın satışlarının son nəticələrini şərh etmək xahişinə cavab olaraq belə bildirib.
O, həmçinin vurğulayıb ki, milyonlarla fanat "Apple" şirkətini dəstəkləməyə davam edəcək, lakin bu dəstəyi itirməmək üçün yaxşı məhsullar hazırlanmalıdır.
"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, "Strategy Analytics" şirkətinin məlumatına görə, 2012-ci ilin yekununa görə "Apple"-ın "ağıllı" telefon bazarında tədarük həcmi 46 faiz artıb: şirkət təxminən 136 milyon qurğu sataraq bazarın 19 faizinə sahiblənib. 2012-ci ildə "Samsung" lider olub: bazara 213 milyon "ağıllı" telefon tədarük etmiş və bazar payı 30 faizə bərabər olub.
Emil Hüseynov
09/02/13 Çap et