Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İrəli” : “Azərbaycanın məhdud saylı kosmik ölkələr sırasına daxil olması dövlətimizin dinamik inkişafının göstəricilərindən biridir”
"İrəli" İctimai Birliyi Azərbaycanın ilk peykinin orbitə buraxılması ilə bağlı bəyanat yayıb. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bəyanat müəllifləri bildirir ki, 8 fevral 2013-cü il Azərbaycan tarixində önəmli hadisələrdən biri olaraq xatırlanacaq.
Bəyanatda qeyd olunur ki, bu gün müasir Azərbaycanın inkişaf tarixində yeni bir mərhələnin başlanğıcı, bəşəriyyətin gələcəyi naminə kosmosun tədqiqi və fəthinə azərbaycanlı zəkasının ilkin töhfəsi kimi dəyərləndirilir. Azərbaycanın ilk süni peykini orbitə çıxarması və dünya birliyinin məhdud saylı kosmik ölkələr sırasına daxil olması dövlətimizin dinamik inkişafı və əldə edilən uğurların ən bariz göstəricilərindən biridir: «Bu uğurun arxasında 5 il öncə alınmış qətiyyətli qərar və gərgin iş dayanır.
Məhz 2008-ci ildə Prezident İlham Əliyev ilk dəfə belə təşəbbüslə çıxış etdi və Azərbaycanın ilk süni peykinin hazırlanması layihəsinə start verdi. Növbəti il bu barədə Dövlət Proqramı qəbul edildi. 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti yaradıldı və Azərbaycanda yüksəkixtisaslı mütəxəssislərin hazırlanması işinə başlanıldı. Bu nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsi sayəsində mümkün olub. Bu strategiyanın əsas xüsusiyyəti Azərbaycanın hərtərəfli inkişafını təmin etmək, onun intellektual, innovativ və texnoloji potensialını inkişaf etdirmək, regionun aparıcı dövlətinə, dünya birliyinin isə etibarlı və mütərəqqi üzvünə çevirməkdir. Ümummilli liderin gərgin əməyi sayəsində həyata keçirilən sosial, iqtisadi, siyasi islahatlar Azərbaycanın tarixi köklərə malik olan dövlətçilik ənənələrini möhkəmləndirib, ölkə daxilində inkişafın münbit zəminini yaradıb».
Bəyanat müəllifləri bildirir ki, Azərbaycanda İKT sahəsinin davamlı inkişafını təmin edən dövlət siyasətinin nəticəsində son 8-10 ildə ölkənin İKT sahəsində inkişaf tempi 20-25% təşkil edib ki, bu da ümumdünya göstəricisindən 2-3 dəfə yüksəkdir. "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, İKT-nin illik artımını təxminən 18-20% ətrafında saxlamaqla, qarşıdakı 8 ildə sektorun gəlirlərinin 7-8 milyard manata çatdırılması hədəflənir. 2015 və 2016-cı illərdə daha 2 süni peykin orbitə çıxarılması Azərbaycanın kosmik ölkə mövqeyini daha da möhkəmləndirəcək, innovativ təfəkkürün, müasir standartlara cavab verən və beynəlxalq rəqabətədavamlı informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük təkan verəcək. Süni peyklər ölkənin texnoloji potensialını artırmaqla yanaşı, yeni maliyyə gəlirlərinin əldə edilməsinə, vətəndaşlara göstərilən bir çox xidmətlərin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq.
"Biz cənab Prezidentin ideya və təşəbbüslərini gənclər arasında hər zaman təbliğ edən "İrəli" təşkilatı olaraq, dünən üzərində üçrəngli bayrağımızın təsvir olunduğu ilk süni peykimizin orbitə buraxılmasını böyük sevinc və qürur hissi ilə izlədik. 8 fevral tarixi ölkəmiz üçün yeni səhifənin başlanğıcı oldu və inanırıq ki, gələcək illərdə Azərbaycan İKT sahəsində daha böyük nailiyyətlərə imza atacaq. Azərbaycanın buna intellektual potensialı, maliyyə imkanı və siyasi iradəsi var. Başda möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla, bu sevinci bizlərə yaşadan hər kəsə təşəkkür edirik. Uğurlarımız davamlı olsun!"
SEYMUR
11/02/13 Çap et