Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” "ağıllı" saatlarını sınaqdan keçirir


Tayvanın "Foxconn" zavodu "Apple" şirkətinin saatı xatırladan qol qurğusunun kütləvi istehsalına başlaya bilər. Kupertinodakı mühəndislər hazırda bu cür cihazı sınaqdan keçirirlər.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Apple" öz qərargahında əyilmiş şüşədən hazırlanmış qol saatını xatırladan qurğunu sınaqdan keçirir. Bu barədə etibarlı mənbəyə istinadən "The New York Times" (NYT) qəzeti məlumat verib. İki mənbənin iddiasına əsasən, qurğu "iOS" əməliyyat sistemi ilə işləyəcək. "Wall Street Journal" qəzeti də bu informasiyanı təsdiqləyib.

Qəzet yazır ki, "Apple" şirkəti saata oxşayan qurğunu sınaqdan keçirir. Qurğunun funksiyaları məlum deyil. NYT hesab edir ki, bu qurğu vasitəsilə səs çağırışları etmək, mətn mesajları qəbul etmək və göndərmək və piyada naviqasiyasından istifadə etmək mümkün olacaq. Cihazın korpusu 2012-ci ildə "Corning" şirkətinin hazırladığı "Willow Glass" materialından ola bilər.

Bu material elastikdir. Cihazın güman edilən funksiyalarından biri qismində nəbzin tezliyinin və orqanizmin digər göstəricilərinin götürülməsi qeyd edilir. "Apple"-ın direktoru Tim Kukun oxşar təyinata malik qurğu daşıdığı məlumdur. "Apple" şirkətinin aparat təminatı üzrə direktoru Bob Mensfild, həmçinin daşınan elektronikaya maraq göstərir. Onu "ağıllı" telefonla əlaqəndirilən və orqanizmin vəziyyəti haqqında məlumat verən cihazlar maraqlandırır. Məlumat üçün bildirək ki, daşınan elektronika yaxın illərdə məişət elektronikasının ən perspektivli seqmentlərindən biri hesab edilir. "Juniper Research"-in proqnozuna görə, 2013-cü ildə dünyada 15 milyon belə qurğu satılacaq, 2017-ci ilədək isə onların satış həcmi 70 milyon təşkil edəcək.

Emil Hüseynov




11/02/13    Çap et