Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məktəblilərə internet mediasının etik qaydaları öyrədiləcək
“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə “İnternet mediasının etik qaydaları” adlı layihə həyata keçirir. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının informasiya portalı xəbər yayıb.
Bildirilir ki, sözügedən layihənin məqsədi qısa bir müddətdən sonra fəal gənc olacaq məktəbliləri, demək olar ki, hər gün iştirakçısı olduqları virtual aləmin etik qaydaları, həmçinin praktik məsləhətlərlə tanış etməkdir. Layihənin ünvanladığı qrup sosial şəbəkələrdə fəal iştirak edən məktəblilərdir. Hədəf qrupuna məktəblilərin seçilməsi heç də təsadüfü deyil. Sosial şəbəkələrdə üzv olan hər bir kəs məktəblilərin bu şəbəkələrə necə maraq göstərdiklərini bilir və müşahidə edir.
Təşkilat bu qrupu sosial şəbəkələrdə olan təşkilat üzvlərinin birgə müşahidəsi əsasında seçib. Onlar minlərlədir və ölkənin bütün bölgələrində yaşayırlar.
Layihə çərçivəsində ilkin olaraq Bakı şəhərində olan hədəf qruplarına treninqlərin keçirilməsi nəzərdə tutulur: «Həqiqətən də internet mediasında səmərəsiz fəallıq heç də xoşagələn deyil. Məktəbliləri bunda günahlandırmaq olmaz. Çünki ən azından onlar internet mediasının etik qaydalarından və həmçinin informasiyanın necə ötürülməsi qaydalarından xəbərsizdirlər.
Və heç bir praktik təcrübələri olmadan internet mediasının iştirakçısı olurlar». Layihə çərçivəsində Bakı şəhərinin 4 rayonunun 20 məktəbinin 80 məktəblisinə seminarların keçirilməsi nəzərdə tutulur. Təlim mövzularından biri “İnternet mediasının etik qaydaları”, digəri isə “İnternet mediasında praktik məsləhətlər”dir. Gələcəkdə layihənin davam etdirilərək digər məktəblərdə, eləcə də bölgələrdə həyata keçirilməsi planlaşdırılır.
SEYMUR
11/02/13 Çap et