Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşlar “Milli peyvənd təqvimi” haqqında məlumatları SMS-lə əldə edəcəklər


Azərbaycanın səhiyyə sistemində daha bir proses avtomatlaşdırılır. Tətbiqinə başlanılacaq yeni elektron xidmət peyvəndlərlə bağlıdır. Belə ki, bundan sonra vətəndaşlar “Milli peyvənd təqvimi” haqqında məlumatları SMS vasitəsilə əldə edəcəklər.

Hazırda peyvəndlər haqqında SMS xəbərdarlıq xidməti Səhiyyə Nazirliyində sınaq mərhələsindədir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə sözügedən nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib.

Mərkəz rəhbəri qeyd edib ki, immunlaşdırma təqvimi haqqında vətəndaşlara məlumatın çatdırılması ilə bağlı xidmətdən bütün mobil operator istifadəçiləri faydalanacaqlar. Belə ki, istənilən operatordan “peyvənd” sözü və uşağın elektron sağlamlıq kartının unikal kodu yazılaraq 9103-ə mesaj göndərilməlidir.

Bundan sonra onlara uşağın növbəti peyvəndinin adı və tarixi barədə məlumat veriləcək. Nazirlik rəsmisinin sözlərinə görə, elektron sağlamlıq kartlarının verilməsi ölkə üzrə tətbiq edildiyi üçün “İmmunoprofilaktika üzrə məlumat təqdim edilməsi” adlanan bu xidmət də bütün respublikanı əhatə edəcək.

HƏQİQƏT




12/02/13    Çap et