Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qərib Məmmədov: “Millətlər arasında geoməkan informasiyasının yaradılmasında və paylaşımında texnologiya, “know-how” zəruridir”
Müxtəlif ölkələrdə mövcud olan geoməkan informasiyasının paylaşımı və mübadiləsini mümkün edən qlobal mexanizmin yaradılması zəruridir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov “www.yap.orq.az” saytına müsahibəsində məlumat verib.
Sədr bildirib ki, geoməkan informasiyasının qlobal paylaşımı üçün mövcud olan səylərin müəyyən məhdudiyyətləri var: “Millətlər arasında geoməkan informasiyasının yaradılmasında və toplanmış bu informasiyanın paylaşımında texnologiya, “know-how”, metodlar kimi həmçinin müxtəlif strategiyalar da zəruridir. Bütün bunlar üçün müxtəlif beynəlxalq təşkilatlar, institutlar, şirkətlər və mütəxəssislər mövcuddur. Öz funksiyalarını layiqincə həyata keçirmək üçün onlar hamısı geoməkan informasiyasının paylaşımı üçün qlobal mexanizmin yaradılmasına səy göstərməlidirlər.
Buna uğurlu nümunə kimi geoməkan informasiyası sahəsində standartlaşma üçün mövcud İSO və OGC standartlarını göstərmək olar”. Bununla belə, Q.Məmmədov deyib ki, fərdi təşkilata köklənmiş müstəsna fəaliyyət kifayət qədər effektiv ola bilməz: “Odur ki, müvafiq beynəlxalq təşkilatların, institutların, şirkətlərin və mütəxəssislərin yalnız informasiyanın deyil, həmçinin yeni texnologiyaların paylaşımının gələcəkdə dəstəklənməsinin ölçüsü vacibdir və onların müştərək səylərinin sinergetik cəmini yarada biləcək sistematik bir struktur mövcud olmalıdır.
Bundan əlavə, qlobal mexanizm yaradarkən, bu tip qabaqcıl texnologiyaları, bilikləri və mütəxəssisləri qrup anlamı yaratmaq üçün birləşdirəcək əməkdaşlıq sistemini tapmalıyıq. Bunun üçün isə qlobal geoməkan informasiyasının paylaşım mexanizminin yaradılması, davamlı və uzunmüddətli investisiyaların qoyuluşu bu vacib məqsədi və rolu dəstəkləyən təşkilatın yaradılması ilə birgə həyata keçirilməlidir”. Geoməkan informasiyasının idarə olunması sahəsində gündəmdə duran başlıca problemlərdən də söz açan DTXK sədri qeyd edib ki, problemlərə qlobal geodeziya istinad çərçivələrinin vacibliyi, fəlakətlərin idarə olunması üçün verilənlərin paylaşılması və inteqrasiyası, iqtisadi inkişaf üçün məkana bağlı informasiyanın idarə olunması daxildir:
“Verilənlərin paylaşımındakı çatışmazlıq dəqiqliyə və həyata keçirilə bilən geodetik analizin tipinə təsir göstərir, mövcud şəbəkələr bir-birilə və yaxud qlobal istinad çərçivəsi ilə effektiv əlaqələnmədikcə, bu vəziyyəti aradan qaldırmaq üçün strategiyaların və metodologiyaların müəyyənləşdirilməsi bizim üçün başlıca çağırışlardandır. Əminəm ki, geoməkan informasiyasını iqtisadi inkişafa şərait yaradan amil kimi dəyərləndirilməsi ilə bütün mütəxəssislər razılaşar. İnformasiya texnologiyalarında, tətbiqlərdə, veb əsaslı servislərdə, mobil texnologiyalarda, açıq məlumatlar təşəbbüslərində, “bulud” texnologiyalarında əldə olunmuş nailiyyətlərin köməyilə inkişaf etmiş və inkişafda olan iqtisadiyyatlar geoməkan informasiyasına və məkan əsaslı servislərə yatırılmış investisiyaların yüksələn geri dönmə dövrünü yaşayırlar.
Bu inkişafı qlobal olaraq dəstəkləmək bizim üçün zamanın tələbidir. Tətbiqlərin imkanlarının genişləndirilməsi, məkan servislərinə yeni dəyərin gətirilməsi və nəticə etibarilə iqtisadi inkişaf baxımından artan dəqiqlikli geoistinad verilənlərə malik olmaq zəruridir”.
HƏQİQƏT
14/02/13 Çap et