Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Oxucular kitabxanaya gəlmədən istədiyi kitabları oxuyacaq


Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya Sistemi (ALİSA) işlənib hazırlanıb. Hazırda Azərbaycanda müxtəlif pərakəndə kitabxana sistemləri fəaliyyət göstərir ki, bu sistemlər arasında inteqrasiya və onlara standart yanaşma mövcud deyil.

Kitabxana proseslərini və oxucularla münasibətləri avtomatlaşdıran və sadələşdirən, digər dünya kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdu: “Vahid Mərkəzləşdirilmiş Kitabxana Sistemi şərti olaraq iki hissədən ibarətdir: ictimaiyyətə açıq olan hissə - Vahid Mərkəzləşdirilmiş Kitabxana portalı və inzibati, daxili istifadə üçün nəzərdə tutulan proqram təminatı hissəsi. Sistemin bütün elementləri müasir “Oracle” platforması üzərində “Ultra” şirkəti tərəfindən hazırlanıb.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, sözügedən sistem pilot layihə çərçivəsində artıq Bakı şəhərinin üç rayon mərkəzi kitabxanasında - Xətai MKS, Nərimanov MKS və Səbayel MKS tətbiq olunmağa başlanılıb. İstifadəçi üçün asan interfeysə malik “ALISA” sisteminin tətbiqi zamanı “ULTRA” şirkəti əməkdaşları kitabxanalar ilə sıx əməkdaşlıq edir, kitabxana əməkdaşlarına təlimlər keçirilir və tətbiq zamanı tam dəstək göstərilir.

Sistemin işlənib hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanaraq, xüsusi kitabxana işi üzrə mütəxəssis komandası ilə işlənib: “İşləyib hazırladığımız “ALISA” sistemi ən son texnologiyaların tətbiqi ilə işlənib hazırlanmış veb əsaslı sistemdir.

Sistem “MARC21”, “ISO2709”, “UNICODE”, “Z 3950” və digər standart və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir. Vahid Mərkəzləşdirilmiş Avtomatlaşdırılmış Kitabxana Sisteminin modullarına qısa nəzər salsaq, sistem Komplektləşdirmə, Kataloqlaşdırma, Elektron Kataloq, İdarəetmə və Təşkilati struktur modulları, Ətraflı axtarış, Onlayn əməliyyatlar, Rezervasiya, Kitab verilişi, Hesabat və Statistika və digər modullardan ibarətdir”. “ALISA” sistemi kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün nazirlik nəzarət sistemini, kitabxana daxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaradılmasına təkan verir.

Beləliklə, oxucu kitabxanaya gəlmədən istədiyi kitabxananı seçərək qeydiyyatdan keçir, aldığı oxucu bileti – plastik kart ilə respublikanın bütün kitabxanalarından faydalana bilir, onlayn sifariş verib istədiyi nəşri rezerv edir, kitabxanaya gələrək rezerv olunmuş nəşri sifariş edir, sifariş statusunu elektron növbə monitorunda izləyir, sifarişini götürür, sifarişi geri qaytararkən isə xüsusi avadanlıqlar vasitəsilə kitabı kitabxanaya qaytarır. Kitabxana rəhbərliyi kitabxana daxili proseslərə dair istənilən hesabatı görə bilir.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi isə bütün kitabxanalara nəzarət edir, istənilən hesabatı əldə edə bilir. Ölkədə kitabxana sisteminin daha da inkişafı üçün atılan bu addımın Azərbaycan kitabxana sisteminin dünyanın ən qabaqcıl kitabxana sisteminə çevrilməsinə və dünya kitabxana sistemləri ilə inteqrasiyasına gətirib çıxaracaq.

HƏQİQƏT




14/02/13    Çap et