Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncə və Şəki üzrə elektron kadastr məlumat bazasının hazırlanmasına başlanılacaq


2013-cü ilin ortalarından Gəncə şəhərində və Şəki rayonunda "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi həyata keçiriləcək. Daşınmaz əmlakın kadastrı işləri alman mütəxəssisləri ilə birgə aparılacaq.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib. Komitədən qeyd edilib ki, 20 dekabr 2012-ci il tarixdə "Azərbaycan Respublikası adından borcalan qismində çıxış edən Maliyyə Nazirliyi və "KfW", "Frankfurt am Main" ("KfW) arasında kredit sazişi (Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı layihəsi)", "Azərbaycan Respublikası adından qrantalan qismində çıxış edən Maliyyə Nazirliyi və "KfW", "Frankfurt am Main" ("KfW) arasında Maliyyələşdirmə Sazişi (Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı layihəsi)" və həmin sazişlər üzrə Xüsusi Razılaşma Sənədi imzalanıb.

Sözügedən sənədlər birinci mərhələsi - Konsepsiya fazası müvəffəqiyyətlə başa çatmış "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsinin nəticələrinə əsasən imzalanıb. Almaniya hökuməti ilə maliyyə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək layihənin ikinci - İcra Fazası nəticəsində Gəncə şəhərinin və Şəki rayonunun bütün ərazisini əhatə edən və daşınmaz əmlaklara dair hüquqların qeydiyyatı prosesini dəstəkləyən tam və mükəmməl kadastr məlumatları hazırlanacaq. Layihənin icra müddəti 30 aydır.

Sistematik çöl geodeziya ölçmələri əsasında yaradılacaq topoqrafik əsaslar Gəncə şəhəri və Şəki rayonu üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının hazırlanması və rəqəmsal kadastr xəritələrinin tərtibi işlərinin beynəlxalq standartlar səviyyəsində icrasına imkan yaradacaq.

HƏQİQƏT




15/02/13    Çap et