Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir: “Azərbaycanda provayderlər internet tariflərini aşağı salmasa, hökumət müəyyən tənzimləyici tədbirlərə əl ata bilər”
Yaxın bir neçə ay ərzində Azərbaycanda fəaliyyət göstərən provayderlər tərəfindən internet tarifləri aşağı salınmasa, hökumət tərəfindən müəyyən tənzimləyici tədbirlərə əl atıla bilər.
“APA-ECONOMICS”-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. İnternet qiymətlərinin Azərbaycanda çox da baha sayılmadığını deyən nazirin sözlərinə görə, bir neçə ay əvvəl «Delta Telecom» şirkəti tərəfindən provayderlərə verilən internetin qiyməti də aşağı salınıb. «Delta Telecom tərəfindən aşağı salınan qiymətlər provayderlər tərəfindən həyata keçirilməlidir. Amma burada nədənsə müəyyən qədər yubanmalar görünür. Məlumdur ki, bu da prvayderlərin müəyyən qazanc əldə etməsi ilə bağlıdır», - deyə nazir Ə. Abbasov vurğulayıb.
Nazir Azərbaycanda internetdə texniki təhlükəsizliyi təmin edəcək qurumun yaradılması ilə bağlı təşkilati işlərin aparıldığını da deyib. Ə. Abbasovun sözlərinə görə, bununla bağlı müəyyən təkliflər var və bu çərçivədə Nazirlər Kabineti iş aparır: “Belə bir qurumun yaranması ölkənin internet təhlükəsizliyini təmin edəcək”.
29/07/11 Çap et