Süni peykdən təbii gözləntilər
8 fevral 2013-cü il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Çünki məhz həmin gün ölkəmiz özünün ilk telekommunikasiya peykini orbitə göndərdi. Çoxdan gözlənilən bu hadisə ölkəmizdə yeni inkişaf mərhələsinin əsasını qoydu desək, yanılmarıq. Beləliklə , ölkədə yeni iqtisadi münasibətlərin, informasiya-kommunikasiya texnologiyalarının yeni istiqamətləri, İKT-yə yeni baxış və sözsüz ki, kosmik əməliyyatların aparılması ilə bağlı yeni fəaliyyətin, yeni inkişaf tempinin əsası qoyuldu.
İlk telekommunikasiya peykinin orbitə qaldırılması ölkə ictimaiyyəti tərəfindən də müsbət qarşılandı. «Rabitə dünyası» qəzeti Milli Məclisin üzvlərindən ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı münasibətlərini öyrənməyə çalışdı.
Vahid Əhmədov, deputat, iqtisadçı ekspert: "Bu hadisə bizi regionda fərqləndirdi, gücümüzü göstərdi"
- Azərbaycanın peykinin orbitə buraxılması ölkə iqtisadiyyatının bir daha yüksək səviyyədə inkişafını nümayiş etdirir. Ölkəmiz faktiki olaraq telekommunikasiya peykinə sahib olan çox az sayda dövlətlərdəndir. Azərbaycan üçün həm siyasi, həm də iqtisadi cəhətdən bu hadisənin çox böyük əhəmiyyəti var. Birincisi, Azərbaycan istənilən informasiyanı peyk vasitəsi ilə alacaq, istənilən informasiya məkanında öz fəaliyyətini davam etdirəcək.
İkinci, iqtisadi cəhətdən yeni əlverişli mühit yarandı. Doğrudur, hazırda dünya bazarında böyük rəqabət var. Bununla belə hesab edirəm ki, artıq ölkəmiz öz alıcılarını tapıb və bundan sonra da müəyyən dövlətlər Azərbaycana müraciət edərək, lazımi müqavilələr bağlanacaq. Bu da ölkə üçün yeni iqtisadi dividendlər deməkdir.
Lakin ümumi formada götürəndə mən belə hesab edirəm ki, son dövrlərdə Azərbaycanda baş verən bir sıra siyasi, iqtisadi hadisələrin ən önəmlilərindən biri də məhz Azərbaycan peykinin orbitə çıxarılmasıdır.
Bu hadisə bizi regionda da fərqləndirdi, gücümüzü göstərdi. Əsas qonşularımız Rusiya və Türkiyə bir neçə ildir ki, süni peykə malikdir və müəyyən müqavilələr əsasında Azərbaycandan bu peyklərin xidmətlərindən istifadə edirdi. Lakin indi Azərbaycan özü belə bir peyki orbitə çıxardı və gələcəkdə də daha iki peykimizi orbitə qaldırması ölkənin tələbatlarını ödəməklə yanaşı, ixracatçıya da çevrilməsinə gətirib çıxaracaq. Düşünürəm ki, qonşu dövlətlər də lazım olduğu təqdirdə bizim peykimizdən müqavilə əsasında istifadə edə biləcəklər. Digər tərəfdən də onu qeyd edim ki, hazırda Azərbaycan-Ermənistan arasında başa çatmayan Dağlıq Qarabağ münaqişəsi var. Bu baxımdan da, vurğulayıram ki, bu, Azərbaycan üçün çox önəmli bir layihədir.
Aydın Mirzəzadə, deputat: " Azərbaycan kosmik sahənin inkişafı ilə bağlı özünün sağlam iddialarını ortaya qoydu"
- Fəzaya Azərbaycan peykinin çıxarılacağı ilə bağlı məlumat bir neçə il bundan əvvəl yayılmışdı. Əlbəttə ki, cəmiyyətimiz buna çox böyük maraq göstərdi və internet səhifələrindən telekommunikasiya peykləri ilə bağlı informasiyaları əldə etməyə başladı. Məlum oldu ki, telekommunikasiya peykinin mövcudluğu istənilən ölkənin inkişafının əsas göstəricilərindən biridir. Bu gün artıq Azərbaycanın özünün süni peyki var və yaxın gələcəkdə ondan səmərəli istifadə edəcək. Digər tərəfdən peykin fəzaya buraxılması iqtisadiyyatın yeni sahələrinin inkişafına böyük stimul verir. Azərbaycan müstəqillik qazandığı 20 il ərzində düzgün siyasət nəticəsində bir çox problemlərini həll edə bildi.
O cümlədən də kosmik sahənin inkişafı ilə bağlı özünün sağlam iddialarını ortaya qoydu. Xaricdə hazırlanan peyk bu gün orbitdədir və artıq yaxın günlərdə öz funksiyalarını yerinə yetirməyə başlayacaq. Bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində «Azərkosmos»un yaradılması, peykin idarə edilməsinin ancaq yerli mütəxəssislərdən ibarət kollektivə etibar edilməsi Azərbaycanın yeni bir sahənin inkişafında ilk və ciddi addımlar atdığını göstərdi. Peykin orbitə buraxılması, əlbəttə ki, Azərbaycanın dünya birliyində çox layiqli yer tutduğunu sübut edir.
Təsadüfi deyil ki, peykin imkanlarının 20 faizi Azərbaycan tərəfindən istifadə olunacaq. Bu o deməkdir ki, indiyə qədər Azərbaycanın bu xidmət üçün xarici ölkələrə ödədiyi məbləğ ölkəmizdə qalacaq və eyni zamanda qalan 80 faiz digər ölkələrin imkanları üçün kommersiya bazarında bizim üçün sərfəli olan qiymətə satılacaq. Yəni bir peykin buraxılması Azərbaycan üçün onlarla yeni olan məsələnin ortaya gəlməsi və inkişafı deməkdir. Bu, Azərbaycanın belə bir ciddi məsələni həll etmək imkanında olduğunun göstəricisidir. Eyni zamanda ölkəmiz artıq bu sahə ilə bağlı beynəlxalq aləmdə özünü ciddi tərəfdaş kimi tanıtmağa başlayacaq. Təsadüfi deyil ki, bir müddət əvvəl Azərbaycanda yeni bir ali məktəbin - Texnologiya Universitetinin yaradılması barədə sərəncam imzalandı. Bu sərəncam həm aerokosmik sahə, eyni zamanda günü-gündən inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsində dünya səviyyəsinə cavab verən kadrların hazırlanmasına şərait yaradacaq, həmçinin burada xarici ölkələr üçün də mütəxəssislər hazırlanması mümkün olacaq.
Peykin orbitə çıxarılması Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin bariz nümunəsidir. Peykin buraxılması və onun idarə edilməsinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və onun kollektivinə etibar edilməsi göstərir ki, nazirlik öz üzərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirir. Nazirlik bu gün dünya tələblərinə cavab verən iş sistemi qura bilib və gələcəkdə də Azərbaycanın kosmik tədqiqatlarda layiqli yerinin təmin edilməsi üçün üzərinə düşən vəzifəni yerinə yetirəcəkdir.
Əli Məsimli, deputat, iqtisadçı ekspert: "Böyük vəsaitlərin Azərbaycana gəlməsində telekommunikasiya peykləri ciddi impuls olacaq".
- Ölkəmizin peykinin orbitə çıxarılması Azərbaycan tarixinin çox şərəfli və perspektivli bir səhifəsi olacaq. Bunu Azərbaycanda son illərdə xüsusən son 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində məqsədyönlü şəkildə həyata keçirilən tədbirlərin məntiqi davamı kimi dəyərləndirmək olar.
Çünki Azərbaycanda İKT-nin inkişaf templərini dünyanın artım templəri ilə müqayisə etsək, görərik ki, bizdə bu artım 7-8 dəfə yüksəkdir. Bunun özü açıq formada göstərir ki, XXI əsrin əsas göstəricisi olan, inkişafın əsas istiqaməti hesab olunan informasiya-kommunikasiya sisteminin inkişafında Azərbaycan sürətinə görə dünyada çox önəmli yer tutur. Bunun da məntiqi nəticəsi bizim süni peykimizin orbitə çıxarılması oldu. Qarşıdakı illərdə daha iki peykin orbitə qaldırılması nəzərdə tutulur.
Bununla da artıq Azərbaycan peyk sahəsində sadəcə epzotik bir dövlət yox, sözün həqiqi mənasında artıq oturuşmuş siyasət yeridən bir dövlətə gəlib çıxacaq. Digər tərəfdən isə bu, həm informasiya-kommunikasiya sisteminin keyfiyyət parametrlərinin yaxşılaşdırılması nöqteyi-nəzərdən, həm də iqtisadi, Azərbaycanın beynəlxalq aləmdə tanınması, nüfuzunun artması nöqteyi-nəzərdən vacibdir. Hesab edirəm ki, ölkəmizin İKT sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi və dünyada daha önəmli yer tutması istiqamətində də çox əhəmiyyət daşıyır.
Mən düşünürəm ki, iqtisadi cəhətdən yararlı olmaqla İKT sisteminin Azərbaycanda inkişafının vüsət almasında peykimiz mühüm əhəmiyyət daşıyacaq. «Neftdən sonra nə?» sualına cavab verən zaman böyük vəsaitlərin Azərbaycana gəlməsində, eyni zamanda da ölkənin ümumi daxili məhsulunda İKT-nin payının getdikcə artmasına 1-ci, 2-ci və 3-cü peyklərimiz ciddi impuls olacaq.
Azay Quliyev, deputat: "Azərbaycan bu sahədə uğurlarını davam etdirəcək və əlavə dividendlər qazanacaq"
- Azərbaycan artıq kosmik ölkə olaraq bir sıra beynəlxalq məsələlərdə söz sahibi olacaq. Şübhəsiz ki, bu, ölkəmizin beynəlxalq nüfuzuna böyük təsir göstərəcək. Azərbaycanın əldə etdiyi uğurlarla bu və ya digər formada digər ölkələr də razılaşmalı olacaq. Öz peykinə sahib olmaq heç də hər bir dövlətə, hər bir millətə müyəssər olmur.
Lakin Azərbaycan belə bir tarixi nailiyyətə imza atdı və bu, dövlətimizin müstəqilliyinin bir daha təsdiqlənməsidir. Azərbaycanın nə qədər qüdrətli, nə qədər inkişaf etmiş və 21-ci əsrin sivilizasiyasına uyğun inkişaf kursu götürmüş bir dövlət olduğunun konkret nümunəsidir.
Ölkəmiz peykdən ən müxtəlif məqsədlər üçün istifadə edəcək. Bu peyk, ilk növbədə, Azərbaycanı peyk sahibi olan ölkələr sırasına çıxardı, yəni beynəlxalq aləmdə nüfuzunu artırdı. Təsadüfi deyil ki, MDB məkanında Azərbaycan artıq 3-cü ölkədir ki, öz peykinə sahib olur. Bölgədə isə Azərbaycan yeganə ölkədir ki, belə bir uğurlu layihəyə imza atmağı bacardı.
Peyk Azərbaycana böyük iqtisadi gəlirlər gətirəcək. Eləcə də informasiya-kommunikasiya texnologiyalarının inkişafında müstəsna rol oynayacaq. Azərbaycanın bütövlükdə internetə, informasiyaya çıxışına və bir çox İKT məhsullarının daha tez əldə olunmasına şərait yaradacaq. Şübhə etmirəm ki, Azərbaycan bu sahədə uğurlarını davam etdirəcək və əlavə dividendlər qazanacaq.
Seymur Qasımbəyli