Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Onlar bəzən mövcudluqlarını belə riskə atmağa hazırdırlar


"Blackberry" (əvvəlki "Research in Motion") şirkətinin vəziyyəti getdikcə pisləşir, 2011-ci ilin əvvəlindən etibarən onun səhmləri 3 dəfədən çox ucuzlaşıb. Bu günlərdə öz əməliyyat sistemi ilə işləyən iki yeni "ağıllı" telefonunu təqdim etməsi, şirkətin adının dəyişdirilərək "Blackberry" adlandırılması Kanada şirkətinin əvvəlki populyarlığını geri qaytarmaq üçün atdığı addımlardır.

Şirkət öz mövcudluğunu təhlükə altına qoyub: ya yeni əməliyyat sistemi "Android" platformasına layiqli rəqib olacaq, ya da "Blackberry" şirkətinin mövcudluğunu məhv edəcək. Bununla belə, rəqiblərindən geri qaldıqlarına görə məişət elektronikası nəhənglərinin qətiyyətli, lakin çox riskli addımlar atdığı hallar da məlumdur.





"Motorola Droid" "ağıllı" telefonu, 2009-cu il: "iPhone"-a qalib gəlmək cəhdi


2004-cü ildə "Motorola" şirkəti çox uğurlu "RAZR" nazik telefonlar xəttini istehsal etdikdən sonra fantaziyası sanki tükəndi. 2008-ci ildə mobil bölmənin vəziyyəti çox pis idi. "Motorola" şirkəti vəziyyəti düzəltmək üçün "Verizon" operatorunun təklifini ("ayfona cavab") qəbul etmişdi.

Əksəriyyət "iPhone"-un uğurunu təkrarlamağa çalışırdı. Bundan ötrü, onun uğuruna səbəb olmuş qaydalara ciddi riayət edirdilər. "Motorola" şirkəti isə əksinə, tam zidd qərar qəbul etdi. Vərdiş halını almış dəyirmilik qalın yöndəmsiz "kərpic"lə əvəz edildi. Nə "Motorola", nə də "Verizon" gələcəyi naməlum layihəyə pulunu əsirgəmirdi.

Plan özünü doğrultdu: "Motorola Droid"-in satış həcmi yüksək oldu (74 gün ərzində milyondan çox nüsxəsi satılmışdı) və o, "Android" platformasını populyarlaşdırdı. "Motorola" daha bir neçə il "Android" ilə işləyən "ağıllı" telefon və planşetlər istehsal etdi. 2012-ci ildə "Google" onu 12.5 milyard dollara satın aldı.

Hazırda "Motorola"nın komandası məxfi "X-Phone" layihəsi üzərində çalışır.





"Nokia": xilas olmaq üçün xəyanət etdi

Uğurlu mobil şirkət yerində sayanda, heç də diribaş rəqiblər yatmamışdılar. Finlandiya şirkətinin səlahiyyətində "Symbian" və "Maemo" əməliyyat sistemləri olduğuna görə onlar "Android" platformasına müraciət etmədilər. Vaxtından əvvəl qocalmış "Symbian" digər sistemlərə uduzurdu. 2010-ci ildə şirkətin direktoru seçilmiş Stiven Elopdan yeni cəsarətli strategiya tələb olunurdu.

2011-ci il fevralın 11-də "Nokia" və "Microsoft" şirkətləri "Windows Phone" platformasının hazırlanması üzrə əməkdaşlığa başladılar. Bu, çox cəsarətli addım idi, çünki o zaman "Windows Phone"-un gələcəyi son dərəcə dumanlı idi.

Bununla belə, 2 il sonra şirkətin taleyi yenə də şübhə altında idi: "Windows Phone" platforması hazırda "iOS" və "Android"ə çox uduzur və 2012-ci ilin son rübünə əsasən, 4,4 milyon "Lumia" "ağıllı" telefonu satılıb. Lakin "Nokia" ən azından uçuruma doğru daha sürətli şəkildə addımlamır.






"Palm Pre"

Əsası 1992-ci ildə qoyulmuş şirkət "ağıllı" telefonların istehsalına qədər cib fərdi kompüter bazarının şahı idi. Bundan sonra "Palm" şirkəti öz qurğularına "GSM" modul əlavə edərək yeni bazara çıxdı, lakin zəng edə bilən cib fərdi kompüteri "ağıllı" telefon kimi əlverişli deyildi və bu, "iPhone"-un istehsalı ilə xüsusilə nəzərə çarpdı.

2009-cu ilin yanvarında şirkət cib fərdi kompüterindən tamamilə imtina edərək məhz "ağıllı" telefonlar üçün yaradılmış yeni "Palm WebOS" əməliyyat sistemini, həmçinin bu sistemlə işləyən "Palm Pre" telefonunu təqdim etmişdi.

2010-cu ilin aprelində "HP" "Palm" şirkətini 1,2 milyard dollara satın aldığını bəyan etmişdi. Yeni sahib əməliyyat sistemini öz qurğularında istifadə etməyə cəhd etdi, lakin "TouchPad" planşetinin satış həcmi o qədər aşağı idi ki, şirkət anbarda yığılıb qalmış qurğuları maya dəyərindən aşağı, 100 dollara satmalı olmuşdu.

2011-ci ilin avqustunda "HP" şirkəti "WebOS" ilə işləyən qurğuların istehsalından imtina etdiyini bəyan etmişdi. Bununla da "Palm" şirkətinin tarixini bitmiş hesab etmək olar.



"Apple": artıqların ortadan qaldırılması




1997-ci ildə Stiv Cobs "Apple"-a geri qayıtdıqda şirkət o qədər acınacaqlı vəziyyətdə idi ki, onun "sağ" qalacağına çox az adam inanırdı. Cobs birinci növbədə dərhal çeşidi azaltdı, çoxlu sayda modelləri dörd məhsuldan ibarət sxemlə əvəz etdi.

1998-ci ildə təqdim edilmiş "iMac" monobloku qarşıya qoyulmuş vəzifənin öhdəsindən gəldi. O dövrün boz rəngli sistem bloklarından kəskin surətdə fərqlənən rəngli plastik korpus dərhal diqqəti özünə yönəltdi. 2001-ci ildə çıxarılmış "iPod" pleyerləri "iMac" ilə müqayisədə daha çox populyar oldu.






"Polaroid": Ledi Qaqa ilə əməkdaşlıq

"Polaroid" şirkəti analoq fotonun hökmranlığı dövründə inkişaf edirdi, lakin rəqəmli fotoya keçid uğurlu alınmadı. 2000-ci illərdə şirkət bir neçə dəfə müflis vəziyyətinə düşmüş və dirçəlmişdi. Şirkəti bu durumdan xilas etmək üçün yeni ideyaya ehtiyac var idi. 2010-cu ilin yanvarında "Polaroid" şirkəti Ledi Qaqa ilə uzunmüddətli əməkdaşlığa qərar verdi. 1 il sonra birgə məhsullar – daxili printerə malik rəqəmli fotoaparat, ayrıca kiçik ölçüdə printer, Qaqa üslubunda qurğu (böyük eynək) təqdim edilmişdi. Sözsüz ki, bu barədə dərhal bütün nəşrlər yazmışdı.

Cari ilin yanvarında şirkət "Android" platforması ilə işləyən uşaq planşeti və fotoaparat təqdim edib.





"Kodak": məhkəməbazlıqdan qazanmaq

"Kodak" 1975-ci ildə ilk rəqəmli kameranı yaratmışdı. Lakin şirkət bu uğurdan qazana bilmədi: fotoaparatları ucuz sataraq plyonkadan qazanmaqdan ibarət ənənəvi sxemi bu dəfə işləmədi.

Vəziyyəti dəyişdirmək üçün seçilmiş yeni strategiyaya istehsalın autsorsinqi, rəqəmli fotoların çapından qazanmaq və qəribə də olsa məhkəməbazlıq daxil idi. Hüquqlarının pozulmasını istənilən yerdə axtarmaq üçün şirkət 100 illik tarixi ərzində kifayət qədər patent toplamışdı. Nəticədə 2010-cu ildə "Kodak" şirkətinin əsas gəlir mənbəyi əqli mülkiyyətdən istifadəyə görə lisenziya ayrılmaları oldu.

Bununla belə, "Kodak" şirkəti 2012-ci ilin yanvarında ABŞ-ın İflas haqqında qanununa uyğun olaraq kreditorlardan müdafiə haqqında ərizə verməyə məcbur olmuşdu. "Google" və "Apple" şirkətləri onun patent portfoliosunu 527 milyon dollara satın almağa hazırlaşırlar.

Beləliklə, "Kodak" çətin ki bir daha zirvədə ola, lakin gələcəkdə mağazada printer üçün onların mürəkkəblərini görmək şansı hələ bitməyib.

Emil Hüseynov
emilhuseynov86@gmail.com





15/02/13    Çap et