Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Teleradio” İB çoxproqramlı rəqəmli televiziya proqramlarının kommersiya yayımına start verib


Teleradio İstehsalat Birliyi respublika ərazisində ilk dəfə Gəncə şəhərində çoxproqramlı rəqəmli televiziya proqramlarının kommersiya yayımına başlayıb.

“ICTnews” elektron xəbər xidmətinin birliyə istinadən verdiyi məlumata görə, bu məqsədlə filialda “Vigintos Elektronica” şirkətindən alınmış hər biri 1.2 kVtlıq olan 4 ədəd DVB-T verici quraşdırılıb, eyni zamanda digər lazımi texniki imkanlar, proqram təminatı yaradılıb və əhaliyə yüksək xidmət göstərilir:

“Kommersiya yayımının həyata keçirilməsi nəticəsində, Gəncə şəhərinin və ətraf ərazilərin əhalisi Azərbaycan, Rusiya, Turkiyə və digər ölkələrin uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş 54 ədəd müxtəlif televiziya proqramını izləmək imkanı əldə ediblər”.

Qeyd edək ki, kommersiya yayımına qoşulmaq, proqramları efirdən qəbul edə bilmək üçün “Teleradio” İstehsalat Birliyinin Gəncə Radio Televiziya Yayım Filialına müraciət olunmalıdır. Abunə olmaq üçün birdəfəlik 52 azn ödəməklə (bir aylıq abunə haqqı daxil) qəbuledici avadanlığa və karta sahib olmaq kifayətdir.

CAHANGİR




16/02/13    Çap et