Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ilk dəfə olaraq Zaqatala rayonu bütünlükdə simsiz tipli CDMA rabitəsinin əhatə dairəsinə qatılıb
Azərbaycanda ilk dəfə olaraq Zaqatala rayonu bütünlükdə simsiz tipli CDMA rabitəsinin əhatə dairəsinə qatılıb. Bu barədə məlumatı "İCTnews" elektron xəbər xidmətinə "Aztelekom" İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyev verib.
Onun sözlərinə görə, CDMA simsiz rabitəsi bütün kəndləri əhatə edir və sakinlərin bu xidmətdən istifadəsində heç bir problem yoxdur. İndi hər bir zaqatalalı istənilən kənddə belə simsiz telefon xidmətindən istifadə edə bilər. Hazırda rayon üzrə 1500-dən yuxarı CDMA abunəçisi var. Qovşaq bu rəqəmi 1600-ə çatdırmağı hədəfləyib.
"Aztelekom" İB-nin hesabatına görə, həyata keçirilən məqsədyönlü işlərin nəticəsində Zaqatala TKQ CDMA abunəçilərinin sayına və artım tempinə görə birinci qovşaqdır.
Bu gün abunəçilərə geniş imkanlar verən CDMA-nın üstünlüyü telefon rabitəsinin istənilən yerdə quraşdırılmasının mümkünlüyü, yəni kabel şəbəkəsinə qoşulmadan; daha yüksəkkeyfiyyətli rabitə; yüksək məxfilik; sanksiyalaşdırılmamış girişdən müdafiə, imtinaların kabel telefon şəbəkəsi ilə müqayisədə 10-15 dəfə az olması; terminallar, səs-küy səviyyəsindəki siqnal gücündən istifadə edərək işlədiyi üçün istifadəçinin yüksək ekoloji təhlükəsizliyi təmin edilir; akkumulyator batareyalarının uzunmüddətli işi; bir gün ərzində sənədləşdirmə və telefonun qurulmasından ibarətdir.
RƏVAN
18/02/13 Çap et