Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”-un bir səhminin dəyəri ilk dəfə olaraq 800 dollar həddini ötüb


Amerikanın internet nəhəngi "Google"-un bir səhminin dəyəri ilk dəfə olaraq 800 dollar həddini ötüb. Ekspertlərin fikrincə, artım şirkətin internet-axtarış bazarında açıq-aşkar liderliyi, həmçinin "Android" mobil əməliyyat sisteminin populyarlığı ilə bağlıdır.

Xatırladaq ki, 2007-ci ildə "Google"-un bir səhminin dəyəri 700 dollar həddini ötmüşdü. Lakin 2008-ci ilin sonunda iqtisadi böhranla əlaqədar şirkətin bir səhminin dəyəri 300 dollaradək azalmışdı. 2012-ci ilin əvvəlində şirkətin bir səhminin qiyməti yenidən 700 dollar səviyyəsinə çatmışdı.

Son vaxtlar "Google"-un səhmlərinin dəyəri "Android" əməliyyat sisteminin populyarlığı, yüksək reklam gəlirləri fonunda sabitliyi ilə seçilir.

Ekspertlərin fikrincə, "Google"-un səhmlərinin dəyərinin artması şirkəti onu təsis edənlərdən biri – Larri Peycin idarə etməsi ilə bağlıdır. O, 2011-ci ilin aprelindən şirkətin baş direktoru vəzifəsində çalışır və o vaxtdan etibarən internet nəhənginin səhmlərinin dəyəri 35% artıb.

Emil Hüseynov




20/02/13    Çap et