Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA Fiziologiya İnstitutu fiber-optik kabel vasitəsilə “AzScienceNet” elm kompüter şəbəkəsinə qoşulub


AMEA Fiziologiya İnstitutunun lokal kompüter şəbəkəsinin (LKŞ) intellektual kommutatorlar əsasında yenidən qurulması prosesi başa çatıb. İnstitutun LKŞ-nin infrastrukturu yenidən qurularaq, fiber-optik kabel vasitəsilə "AzScienceNet" elm kompüter şəbəkəsinin (EKŞ) qovşağına qoşulub, bununla da Fiziologiya İnstitutunun əməkdaşlarının "AzScienceNet"-in resurs və xidmətlərindən tam istifadəsi təmin olunub.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov bildirib: "Fiziologiya İnstitutu LKŞ-nin infrastrukturunun yenidən qurulması işləri qurumun gələcək fəaliyyətinin daha səmərəli təşkilinə, institutun alim və mütəxəssislərinin Avropa elmi mühitinə inteqrasiya olunmasına, həmçinin dünyanın tanınmış beynəlxalq elmi bazalarından geniş istifadəsinə imkan yaradacaq".

Qeyd edək ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda "AzScienceNet" elm kompüter şəbəkəsinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. İnstitutda AMEA institut və təşkilatlarının müasir intellektual kommutatorlar və digər zəruri texniki avadanlıqlarla təchiz olunması, verilənlərin mübadiləsinin sürətləndirilməsi və etibarlığının artırılmasını təmin etmək üçün yeni fiber-optik kabel şəbəkəsinin yaradılması istiqamətində məqsədyönlü işlər aparılır.

Həmçinin AMEA-nın institut və təşkilatları üçün yeni internet xidmətləri göstərilir. Fiziologiya İnstitutu da həmin qurumlardan biridir.

HƏQİQƏT




20/02/13    Çap et