Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DSMF tərəfindən göstərilən elektron xidmətlərin sayı 25-ə çatdırılıb
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti - şəffaflıq, nəzarət və gələcək pensiya təminatı vasitəsi kimi” mövzusunda xüsusi təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Elektron xidmət növlərinin siyahısı”na uyğun olaraq, fondun rəsmi internet informasiya ehtiyatında interaktiv və informativ xidmətlərdən ibarət elektron xidmət bölməsi yaradılıb, həmin bölmə vasitəsilə 8 elektron xidmət aktivləşdirilərək istifadəyə verilib.
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş islahat tədbirləri və sığorta-pensiya sisteminin inkişaf istiqamətləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli Qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Elektron xidmət növlərinin siyahısı”na əsasən, DSMF tərəfindən göstərilən elektron xidmətlərin sayı 25-ə çatdırılıb. Hazırda həmin elektron xidmətlərin aktivləşdirilərək tam istifadəyə verilməsi üçün zəruri tədbirlərin (inzibati reqlamentlərin Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi, proqram-texniki təminat işlərinin tamamlanması və s.) icrası davam etdirilir: “DSMF tərəfindən əhalinin istifadəsinə verilən növbəti elektron xidmətlərdən biri vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malik olan “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemidir. Xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürəninin onun üçün əməkhaqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər”- deyən S.Müslümov vurğulayıb ki, “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətinin təşkili üçün DSMF tərəfindən böyük həcmli işlər görülüb.
Dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafı məqsədi ilə mühüm vəzifələr yerinə yetirilmiş, bu sahədə normativ hüquqi baza yaradılmış, zəruri infrastruktur qurulmuş, 20 fevral 2013-cü il tarixə 2 351 538 nəfərə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb. Fond tərəfindən sığortaolunanlara dair ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların sığortaedənlərdən qəbulu və emalı üçün zəruri tədbirlər həyata keçirilib.
Bundan başqa, istifadəçilər üçün müfəssəl təlimatlar işlənilib, fondun yerli orqanlarının işçilərinə proqram təminatı əsasında iş təcrübəsinin öyrədilməsi məqsədi ilə təlimlər keçirilib: “Həyata keçirilən bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə imkan verəcək. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaq”. S.Müslümov bəyan edib ki, yaxın perspektivdə bu xidmətin daha da inkişaf etdirilməsi, eyni zamanda vətəndaşların 2006-cı ilə qədər mövcud olan pensiya kapitalları barədə məlumatların da elektron qaydada sistemdə yerləşdirilməsi nəzərdə tutulur: “Bunun üçün vətəndaşların 2006-cı ilə qədər əmək stajı barədə məlumatı DSMF orqanlarına təqdim etmələri zəruridir”.
S.Müslümov onu da bildirib ki, “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətinin istifadəyə verilməsi avtomatlaşdırılmış pensiya təyinatına keçidin əsas elementidir: “Bütün bunlar sistem xarakterli dəyişikliklərdir və inzibati nəzarətin ictimai nəzarətlə əvəzlənməsini şərtləndirir. Görülən bu tədbirlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizədə sistem xarakterli islahatların həyata keçirilməsi, eyni zamanda elektron xidmətlərin tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində atılan mühüm addımlardandır”.
HƏQİQƏT
20/02/13 Çap et