Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Opera” güclənir
Norveçin "Opera Software" şirkəti 2012-ci ilin dördüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, "Opera"nın mədaxili 60,7 milyon dollar təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 39 faiz çoxdur. Şirkətin mənfəəti artaraq 13.2 milyon dollar olub.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2012-ci ilin dördüncü rübündə mobil tətbiq naşirlərindən və elan verənlərdən əldə olunan gəlir 19,6 milyard dollar olub, bu da mədaxilin 32 faizini təşkil edib. Gəlirin 27 faizi (təxminən 16,6 milyon dollar) brauzerin masaüstü versiyasından əldə edilib. Mobil operatorlar şirkətin büdcəsinə 10,5 milyon dollar qazandırıb.
Ötən ilin dördüncü rübünə əsasən, "Opera"nın mobil veb-brauzerlərinin istifadəçilərinin sayı 229 milyon olub ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur. "Opera" şirkəti mobil istifadəçilərdən, həmçinin "Opera Mobile Store" mağazasından, mobil axtarışdan 4,6 milyon dollar əldə edib. "Opera Software" hesabat dövründə təxminən 90 iş yerini ixtisar edib.
Hesabata əsasən, hazırda şirkətin heyəti 840 nəfərdən ibarətdir, yenidənqurma işlərinə 7,8 milyon dollar ayrılıb. Qeyd edək ki, "Opera Software" bir neçə gün əvvəl mobil qurğular üçün həllər hazırlayan Amerikanın "Skyfire Labs" şirkətini satın alıb.
Emil Hüseynov
21/02/13 Çap et