Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir eynəklə xəyallarını reallığa çevir


“Google” şirkəti 2012-ci ildə təqdim edilən “Glass” əlavə reallıq eynəkləri üçün sınaqçıların müsabiqəsini elan edib. Sınaqçı kimi müsabiqədə iştirak etmək istəyənlər bir sıra tələblərə cavab verməlidirlər. Burada ABŞ ərazisində yaşama, yaşın 17-dən yuxarı olması, eynəyi 1500 dollara almağa hazır olmaq kimi tələblər yer alıb.

“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, iddiaçılara “Mənim eynəyim olsaydı nə edərdim” mövzusunda qısa (50 sözdən çox olmamaqla) hekayə yazmaq təklif olunur və ona foto və ya videoçarx əlavə etmək olar. Hekayəni “Twitter” və ya “Google+” sosial şəbəkəsində yerləşdirmək və “#ifihadglass” heşteqlə müşayiət etmək lazımdır.

Müsabiqədə iştirak üçün ərizələr fevralın 27-dək qəbul edilir. Ən yaxşı hekayələrin müəllifləri ilə “Google”-un əməkdaşları əlaqə saxlayacaq. Eynəklər müsabiqə iştirakçısına şəxsən təqdim olunmaqla ABŞ-ın 3 şəhərində - Nyu-York, San-Fransisko və Los-Ancelesdə verilir. “Google” sınaqçıların qəbulunun elan edilməsi ilə eyni vaxtda eynəklərin yeni fotoşəkillərini dərc edib və onların imkanlarından bəhs edən videoçarx buraxıb.

“Google” eynəkləri (eynək adlandırılmasına baxmayaraq, qurğuda optik şüşə yoxdur) miniatür şəffaf ekranla təchiz olunub.

Ekranda təsvir edilən informasiya istifadəçinin gördüyü şəkildə real dünyaya ötürülür, buna görə “Glass” - “əlavə reallıq eynəkləri” adlandırılır. Qurğu “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və internetə çıxış üçün smartfon və ya planşet kompüterdən istifadə edir.

Emil Hüseynov




21/02/13    Çap et