Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qafqaz Universiteti Texnoparkı 3 şirkətlə müqavilə imzaladı
Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) 3 şirkətlə əməkdaşlıq müqaviləsi imzalayıb. "İCTnews" elektron xəbər xidmətinə bu barədə universitetin Mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev məlumat verib.
Onun sözlərinə görə, müqavilələr Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, "Azer.Net MMC"-nin direktoru Anar Novruzov, "MONtech" MMC-nin direktoru Rövşən Hümbətov və "SENTRA" MMC-nin icraçı direktoru Ümid Vəliyev tərəfindən imzalanıb:
"Müqaviləyə görə, Qafqaz Universiteti qeyd olunan şirkətlər üçün Qafqaz Universitetinin Texnoparkında ofis üçün yer ayırdı. Bundan sonra həmin şirkətlər öz fəaliyyətlərini, eyni zamanda, Qafqaz Universitetinin Texnoparkında da davam etdirəcəklər. Müqavilə əsasında texnoparkda fəaliyyət göstərən şirkətlər elmi-tədqiqat işlərinə əhəmiyyət verəcəklər. Qafqaz Universiteti də öz növbəsində həmin şirkətlərlə ortaq elmi-tədqiqat işlərinin aparılmasına dəstək verəcək".
R.Rzayev qeyd edib ki, Qafqaz Universiteti Texnoparkı əməkdaşlıq etdiyi şirkətlərlə birgə "Yeni Fikir" müsabiqəsi keçirilməsini də planlaşdırır. Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin tələbə və məzunlarına xitab edən müsabiqəyə bu günlərdə start veriləcək.
HƏQİQƏT
21/02/13 Çap et