Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ekoloji tədqiqatların aparılması sahəsində peyk texnologiyalarının tətbiq imkanları müəyyənləşdirilir
Ekologiya İdarəsində “Azərkosmos” ASC-nin nümayəndələri ilə görüş keçirilib. “ICTnews” elektron xəbər xidmətinin adıçəkilən idarəyə istinadən verdiyi məlumata görə, görüş zamanı qonaqlara Ekologiya İdarəsinin fəaliyyəti və həyata keçirilən ekoloji layihələr barədə ətraflı məlumat verilib.
Görüşün əvvəlində “Azərkosmos” ASC-nin nümayəndələri Azərbaycanın ilk kosmik peykinin uğurla orbitə buraxılması, peykin texniki imkanları, fəaliyyət dairəsi və peykin idarə olunması üçün yaradılmış kosmik məlumatların yerüstü qəbuledici kompleksinin funksional imkanları barədə məlumat veriblər: “Peyk texnologiyalarının inkişafı, xüsusilə də alçaq orbitli peyklərin orbitə çıxarılması gələcəkdə yeni elmi-texniki tədqiqatlara rəvac verəcək və bu da öz növbəsində məsafədən yerin öyrənilməsinə (zondlanmasına) imkan yaradacaq”.
Daha sonra iştirakçılar “Azərkosmos” ASC ilə əvvəlki görüşlərin nəticəsi olaraq pilot layihə ideyalarını müzakirə edərək görüləcək işlər barədə fikir mübadiləsi aparıblar. Tərəflər ekoloji tədqiqatların aparılması sahəsində peyk texnologiyalarının tətbiq imkanlarının müəyyənləşdirilməsi baxımından gələcəkdə birgə əməkdaşlıq imkanları barədə araşdırmaların davam etdirilməsini dəstəkləyiblər.
CAHANGİR
22/02/13 Çap et