Nazirlik rəsmisi: “Olimpiadaya hazırlıq sahəsi üzrə mütəxəssis qıtlığı hiss olunur”
İnformatika sahəsi üzrə olimpiadalara hazırlıq sahəsində əsas problemlərdən biri də kadr çatışmazlığında özünü göstərir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov məlumat verib. Onun sözlərinə görə, amma yetərli sayda mütəxəssisin olmaması problemi ilə yalnız Azərbaycan üzləşmir:
"Olimpiadaya hazırlıq sahəsi üzrə mütəxəssis qıtlığı hiss olunur. Azərbaycanda informatika üzrə olimpiadaların əsasını qoyan, beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri, BDU-nun dosenti Ramin Mahmudzadədən başqa, dünya olimpiadalarında verilən məsələlərlə bağlı şagirdlərlə məşğul olmaq üçün, demək olar ki, ikinci mütəxəssisimiz yoxdur. Eyni zamanda Rusiya kimi böyük dövlət də etiraf edir ki, Federasiyada bu sahənin mütəxəssisi ola biləcək 30 nəfəri güclə tapmaq mümkündür. Yəni bu, çətin məsələdir. Vəziyyətdən çıxış yollarından biri odur ki, şagirdlərin olimpiadalara hazırlaşması üçün onlayn saytlar yaradılmalıdır". Hazırda müxtəlif ölkələr tərəfindən onlayn olimpiadaların keçirildiyini də deyən İ.Sadıqov qeyd edib ki, bu sahədə əsas və məşhur mənbələrdən biri Ukraynanın
"www.e-olimp.com"
saytıdır:
"İstedadlı gənclər üçün proqramlaşdırma üzrə distant olimpiadaların təşkili üçün nəzərdə tutulmuş bu internet-portal İvan Franko adına Jitomir Dövlət Universiteti tərəfindən işlənib hazırlanıb. Bu sayt yaxın günlərə qədər Ukrayna, rus, ingilis kimi 3 dildə fəaliyyət göstərib. Amma hazırda orada Azərbaycan dilində də məsələlər yerləşdirilir. Saytda təxminən 3 mindən artıq məsələ var. Biz onları hissə-hissə tərcümə edərək sayta yerləşdiririk.
Artıq tapşırıqların xeyli hissəsi Azərbaycan dilinə tərcümə edilib. Məsələlərin həcmi də kifayət qədər böyük olduğu üçün onların tərcümə prosesi xeyli vaxt aparır". Nazirlik rəsmisi qeyd edib ki, sözügedən saytda distant müsabiqəyə 100-dən artıq ölkənin müəllim-şagird heyəti qoşulur.
Qeyd edək ki, İ.Sadıqovla yanaşı, bir çox yerli mütəxəssislərimiz də olimpiadaları inkişafın katalizatoru kimi qiymətləndirərək, beynəlxalq səviyyədə uğur qazanmaq üçün proqramlaşdırma sahəsində xüsusi istedadlı şagirdlərlə geniş iş aparılmasının, ilk növbədə, olimpiada məsələlərini və onların həlli üsullarını əhatə edən çap və ya elektron materialların sayının artırılmasının vacibliyini vurğulayırlar.
Eyni zamanda şagirdlərlə yanaşı, informatika müəllimlərinin informatika üzrə beynəlxalq olimpiadalarda iştiraka həvəsləndirilməsi də əsas amillərdən biri kimi qabardılır.
HƏQİQƏT