Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi sosial media ilə bağlı layihə həyata keçirəcək


"İRƏLİ" İctimai Birliyi İnformasiya Texnologiyaları Mərkəzi "Sosial Media Akademiyası" layihəsinə start verir.

"ICTnews" elektron xəbər xidmətinə birlikdən verilən məlumata görə, "İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzi daxilində yaradılmış xüsusi qrup bu ilin yanvar-fevral ayları ərzində gənclər arasında sorğular təşkil edib və layihə təkliflərini toplayaraq 2013-ci il üçün fəaliyyət planı hazırlayıb. "Sosial Media Akademiyası" bu fəaliyyət planına daxil olan və icrasına başlanılacaq ilk layihədir:

"Layihənin əsas məqsədi gənclərin sosial media və onun yaratdığı imkanlar barəsində məlumatlandırılması, sosial media alətlərindən effektiv istifadə vərdişlərinin formalaşdırılması, sosial təşəbbüslər və layihələrin yeni media resursları ilə inteqrasiyasıdır". Layihə 25 nəfərlik qruplar üzrə 1 ay müddətində həyata keçiriləcək və ilin sonuna kimi davam edəcək:

"Layihə boyunca iştirakçılara sosial media üzrə təlimçi və ekspertlər tərəfindən təlimlər, seminar və görüşlər keçiriləcək. Layihə müddətində həmçinin müxtəlif diskussiya və müsabiqələrin keçirilməsi nəzərdə tutulur". Sosial media resurslarından daha effektiv istifadə etmək istəyən hər bir gənc layihədə iştirak üçün müraciət edə bilər.

Layihədə iştirak etmək istəyən şəxslərdən 26 fevral tarixinə qədər "www.ireli.az" saytında yerləşdirilmiş onlayn ərizə formasını doldurmaları xahiş olunur.

Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi hər zaman İKT sahəsinə xüsusi əhəmiyyət verir və indiyə kimi bu sahə ilə bağlı İnformasiya Texnologiyaları Akademiyası, WeBlog, "Mənim Qarabağım - Mənim Azərbaycanım", WeTweet və onlarla digər layihə həyata keçirib.

CAHANGİR




22/02/13    Çap et