Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində geniş kollegiya iclası keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) prezident İlham Əliyevin fevralın 12-də Bakı Biznes Mərkəzində “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn tələblərlə bağlı kollegiya iclası keçirilib. Kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublika prezidentinin sərəncam və fərmanlarının, dövlət proqramlarının iqtisadiyyatın bütün sahələri, o cümlədən rabitə və informasiya texnologiyalarının inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.

2013-cü ilin sözügedən Dövlət Proqramı üçün həlledici il olduğuna, eyni zamanda “İKT ili”ndə RİTN tərəfindən icrası nəzərdə tutulan tədbirlərin sürətləndirilməsinə diqqət çəkən nazir ölkədə rəqəmli yayıma keçidin tam başa çatdırılması, əhalinin yüksəksürətli, keyfiyyətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə hazırlanmış “Hər evə optika” layihəsinin icrası, həmçinin ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin göstərəcəyi işlərdən söz açıb.

Nazir “Elektron hökumət” mərkəzi ilə “ASAN xidmət” mərkəzinin birgə fəaliyyətinin səmərəsinə də toxunaraq, elektron xidmətlərin daha da genişləndirilməsi ilə ölkədə korrupsiyaya qarşı aparılan mübarizənin gücləndirilməsinə, şəffaflığın artırılmasına, neqativ müdaxilələrin aradan qaldırılmasına təkan verəcəyini bildirib.

Nazir əhaliyə göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsini, eyni zamanda məmur-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasını, vətəndaşların müraciətlərinin vaxtında araşdırılması və cavablandırılmasını, həmçinin rabitə sahəsində çalışan məmurların səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməsini, etik davranış qaydalarının hər bir ailə üzvünə qədər sirayət olunmasını tövsiyə edərək nazir Bakıətrafı, ümumilikdə respublikanın bütün kənd və qəsəbələrində rabitə, telekommunikasiya, poçt, radio, televiziya xidmətlərinin göstərilməsində mövcud problemlərin qısa müddətdə aradan qaldırılması, qarşıya qoyulan vəzifələrin icrası üçün müvafiq tapşırıqlar da verib.




22/02/13    Çap et