Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Göydən düşən” binanın tarixçəsi


"Göydən düşən" bina - ilk milli peykimizin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzini belə də adlandırmaq olar. Kosmik sənayenin inkişafında ilk uğurlu addım sayılan peykimizin idarəçiliyi məhz bu qeyri-adi binadan həyata keçiriləcək.

Haşiyə: Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) yaradılması məqsədilə Nazirlər Kabinetinin 2011-ci il 4 mart tarixli 69s nömrəli sərəncamı ilə 10 hektar torpaq sahəsi "Azərkosmos" ASC-nin daimi istifadəsinə ayrılıb.

ƏYPİM-in layihələndirilməsi məqsədilə memar Nəriman İmaməliyevin eskizləri əsasında mərkəzin eskiz layihəsi hazırlanıb.

Tikinti işlərinə başlanılması istiqamətində "Nəriman Memarlıq" MMC tərəfindən Baş planın tərtib edilməsi və layihə işlərinin yekunlaşdırılması təmin edilib.

Mərkəzdə bütün aidiyyəti avadanlıqlar və antenalar peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkətinin subpodratçı şirkətlərinin iştirakı ilə quraşdırılıb. Mərkəz 8 fevral 2013-cü il tarixində, "Azerspace-1" peyki orbitə buraxıldıqdan sonra tam olaraq istifadəyə verilib. "Azerspace-1" peykinin, o cümlədən növbəti illərdə orbitə buraxılacaq digər peyklərin idarəetməsi ƏYPİM-dən "Azərkosmos" ASC-nin gənc mütəxəssisləri tərəfindən həyata keçiriləcək.

Torpağı yaran göy cismi mənzərəsi

Memar Nəriman İmaməliyev layihədə iştirak etmək üçün bir neçə memar arasından seçilib: "6 aya eskizi hazırladıq. Sonrakı mərhələdə eskiz razılaşdırıldı. Layihələndirmə işi bizim üçün olduqca maraqlı idi, çünki bu, adi ofis deyildi, belə deyək, yeni bir başlanğıcın iş ofisi idi. İdeyaya görə, bina səmadan düşən göy cisminin sarı dağları, quru səhranı yarması və torpaqlarla toqquşmasından əmələ gələn mənzərəni xatırlatmalı idi".

Həm kosmik sənayedə, həm də ölkə arxitekturasında ilk cığır

Azərbaycanın kosmosa ilk cığırını açan peykimiz üçün seçilən bina da arxitektura baxımından ölkəmizdə ilklərdən - yenilik sayılır. Fərqli yanaşma axtarışında olan memar bunun üçün müasir dünya arxitekturasında istifadə edilən istiqamətə - dekonsktruktivizmə müraciət edib.

Mənbələrə görə, dekonstruktivizm (və ya Dekon) - müstəqil memarlıq istiqaməti kimi postmodern memarlığın inkişafı nəticəsində 1980-ci illərin sonunda formalaşmış memarlıq üslubu sayılır.

Memarlığın minilliklər ərzində yaranan əsas dəyərlərindən azad üslub

Fərdi yaradıcılıq tərzlərinin müxtəlifliyinə baxmayaraq, dekonstruktivizm yaradıcıları konstruktivizmin kompozisiya mövzularına əsaslanaraq, onları bir qədər deformasıya edir, abstraktlaşdırırlar. Bu da kompozisiyalara dinamizm və kəskinlik verir.

Bu üslub memarlığın estetikadan, gözəllikdən, səmərəlilikdən və qaydadan, yəni memarlığın minilliklər ərzində yaranan əsas dəyərlərindən azad olunmasını təbliğ edir. Dekonstruktivizm Qərbi Avropa şüurunun hədsiz irrasionallığını, müasir qərb mədəniyyətinin xaos və çıxılmazlığını əks edir.

Hissin sağlam düşüncə üzərində qələbəsi

Bu cərəyanın tikililərinin əsas xüsusiyyətləri - iti bucaqların çoxluğundan, qarışıq üfüqi və şaquli xətlərin əlaqələrinin pozulmasından, pəncərələrin qaydasız ritmindən, heç bir yük daşımayan dayaqların bucaq altında qurulmasından, hər yerdə konstruksiya və mühəndis kommunikasiya hissələrinin ön plana çəkilməsindən ibarətdir.

Tam qaydasızlığın, paradoksal şəraitin yaradılması, hissin sağlam düşüncə üzərində qələbəsi dekonstruktivizm tikililərinin əsas xüsusiyyətlərini təşkil edir. Bu baxımdan, Nəriman İmaməliyev dekonstruktivizmin kosmosa daha yaxın üslub olduğunu deyir.

Yenilik, gənclik və kreativliyin vəhdətində

Beləliklə, mərkəz ümumilikdə ölkə arxitekturasına ilk nəfəs gətirib: "Bina bu üslubda Azərbaycanda, Zaqafqaziyada tikilən ilk ictimai binadır. Keçmiş SSRİ məkanında bu üslubda tikilmiş bəlkə də 5 bina tapmaq mümkün deyil.

Binanın layihələndirilməsi zamanı orada çalışacaq kadrların gənc yaşlarda olması, onların kreativliyi də interneyer üçün fərqli üslub seçiminə imkan verdi. Fikirləşirəm ki, bu da memarlıq nöqteyi-nəzərindən çox maraqlıdır. Layihələndirmənin 6-7 ay davam etməsi çox müddət olmasa da, az da sayılmaz. Sonra 9 ay yarım ərzində də mərkəzi tamamilə tikib təhvil verdik".





















































"Onların da əziyyəti çoxdur"

Bu üslubu seçən memarın düşüncələrini reallığa çevirən bacarıqlı mühəndisin olması da vacib şərtdir:

"Mühəndislərimizin - konstruktiv, eyni zamanda tikinti mühəndisləri heyətinin savadlılığı binanın istədiyimiz formada tikilib ərsəyə gəlməsinə imkan verdi. Onların da əziyyəti çoxdur. Binanın inşa olunduğu yer özü də əziyyətli idi. Bütün əziyyətlərə baxmayaraq, demək olar ki, səhranın ortasında belə bir binanı yarada bildik".

"Burada memar qədər də sifarişçinin zəhməti var"




















































Binanın istənilən görünüşə cavab verməsini təmin edən başqa amil də var. Bu da sifarişçi tərəfin yaratdığı azad iş prosesidir:

"Memarlara həmişə belə imkan verilmir. Sifarişçidən çox şey asılıdır. Sifarişçinin işə ağılla, düzgün yanaşması nəticəsində qarşımıza qoyulan məsələlərin hamısını həll edə bildik. Çox vaxt qarşı tərəf öz işini bilmir, verdiyi sifarişdən anlayışı olmur. Bu dəfə isə sifarişçi nə istədyini, hansı çətinliklərlə qarşılaşa biləcəyini əvvəlcədən bilirdi. Burada memar qədər sifarişçinin də əziyyəti var. Onlar daim yanımızda olur, inşaatda iştirak edirdilər".

Orkestr olmasa...

Memarın sözlərinə görə, tikintinin uğurlu alınmasının səbəbi komandanın düzgün qurulmasındadır: "Tikinti təşkilatı da "naz"ımızı çəkdi. Əgər bunu simfonik əsərlə müqayisə etsək, orkestr olmasa, əsər təbii ki, not üzərində də qalacaq. Bu binanın inşasında da hamı birlikdə çalışdı. Bədii dillə desək, memar yalnız obrazı "doğur", düzəldir. Daha sonra konstruktiv işlər gəlir. Biz ilk mərhələdə iki eskiz hazırlamışdıq. Sifarişçi tərəf heç bir dəyişiklik olmadan, daha çətin, amma maraqlı olan layihəni seçdi. Buna görə də onlara minnətdarıq" .

Qürurverici amil həm də odur ki...

Nəriman İmaməliyev hesab edir ki, bu, sifarişçinin, memarın, tikinti işlərini həyata keçirən baş podratçının müvəffəqiyyətidir: "Qürurverici amil həm də odur ki, bu işləri həyata keçirənlərin hamısı azərbaycanlılardır. Əgər bu gün bizim mühəndislər belə bir işi mükəmməl olaraq həyata keçirə bilirlərsə, deməli, hələ hər şey qabaqdadır.

"Azərbaycanlı sıfırdan başlayaraq 9 ay ərzində belə bir mərkəzi inşa etsin"- 15-20 il əvvəl bu, yalnız arzu idi. Amma bu gün artıq bu, bir reallıqdır. Təhsil sahəsində nə qədər neqativ hallar olsa da, bu iş eyni zamanda ölkəmizdə bacarıqlı kadrlarımızın olmasını sübut etdi".

Memar üçün bundan böyük xoşbəxtlik nə ola bilər?





















































Memar Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin bu gün görünüş cəhətdən dünyanın heç bir binasını təkrarlamadığını da deyir:
"Memar rəssamdır. Əgər sənə öz hisslərini kağıza köçürüb, sonra tikməyə imkan verirlərsə, memar üçün bundan böyük xoşbəxtlik nə ola bilər? Ancaq savadsız, ürəyi olmayan insan nəyi isə təkrarlaya bilər. Yaradıcılıq üçün geniş imkanlar yaradılırsa, biz niyə binanı təkrarlamalıyıq ki? Biz yalnız antenaların qoyulması və s. kimi texniki baxımdan müəyyən parametrləri "Azərkosmos"un tərəfdaşı olan xarici mütəxəssislərlə razılaşdırmışıq. Amma estetik, funksional tələblərin reallaşması öz yaradıcılığımızın bəhrəsidir".

Həqiqət İSABALAYEVA




23/02/13    Çap et