Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İKT sektorunda yeni addımlar atan Qırğızıstan
Bu gün bütün dünyada elə bir ölkə tapılmaz ki, rabitə və informasiya texnologiyalarının inkişafına diqqət ayırmasın. Bir çox dövlətlərin təcrübəsi göstərir ki, İKT-nin tətbiqi iqtisadi inkişaf üçün əhəmiyyətli rol oynayır. Bu texnologiyalar qlobal ticarəti, maliyyəni və istehsalı kökündən dəyişdirir.
İqtisadiyyatın istehsal potensialının inkişaf etdirilməsində xüsusilə əhəmiyyət daşıyır, insanlara yeni biliklər verir, iqtisadi artmanı stimullaşdırır, iş yerlərinin sayının artmasına və onun keyfiyyətlərinin yaxşılaşmasına şərait yaradır, məhsuldarlığın artmasına pozitiv təsir göstərir. Bununla da inkişafın maddi bazasını bərkidir, biznesin rəqabətə davamlılığını yüksəldir.
Bu kontekstdə Qırğızıstan da sözügedən sahə üzrə bir sıra irili-xırdalı layihələr həyata keçirir. Rəsmi Bişkek iqtisadi inkişafı sürətləndirmək məqsədi ilə prioritet addımlardan biri kimi rəqabətə davamlılıq məsələsini gündəmə gətirir, ölkənin istehsal potensialını artırmaq üçün addımlar atır və İKT sahəsinin genişləndirilməsi, kadrların yetişdirilməsi yönündə müəyyən işlər görür.
Qırğızıstanın İT bazarı
Qırğızıstan Respublikasında telekommunikasiya sahəsi ümumi daxili məhsulun təxminən 8 faizini təşkil edərək ölkə iqtisadiyyatında böyük paya malikdir.
Son illərdə telekommunikasiya sektorunun dəyəri əhəmiyyətli dərəcədə artıb. İT bazarında illik artım ölkənin mobil rabitə və internetə çıxış kimi rabitə xidmətlərinin sürətli inkişafıyla bağlıdır. 2000-ci illərin əvvəllərindən İKT-nin inkişafına diqqət yetirən hökumət yürütdüyü siyasət nəticəsində artıq 2010-cu ildə sözügedən sahənin 8% inkişaf etdirilməsinə nail olub. Lakin o da qeyd olunmalıdır ki, 2010-cu ildən Qırğızıstanın telekommunikasiyalar bazarında artım sürətləri azalmağa başlayıb. Bir sıra müstəqil ekspertlər hesab edirlər ki, əvvəlki illərlə müqayisədə 2010-cu ildə İT bazarının həcmi 4% aşağı düşüb.
Onların qənaətincə, həmin ildə İT bazarının həcmi təxminən 8 milyard dollar təşkil edib. Qeyd etmək lazımdır ki, 2012-ci ildən isə bu ölkənin İT bazarında yenidən artım müşahidə olunmağa başlayıb. Diqqət çəkən məqamlardan biri odur ki, bu artım əsasən mobil rabitənin və məlumatların ötürülməsi seqmentlərində hiss olunur. Mobil rabitə gəlirlər üzrə telekommunikasiya bazarında ən əhəmiyyətli paya malikdir.
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Qırğızıstanda mobil rabitə və məlumatların ötürülməsi bazarı 2011-ci ildən artma nöqteyi-nəzərindən ən perspektivli sahə kimi tanınır. Qırğız ekspertlər ölkədə mobil danışığın baha olduğu qənaətindədirlər.
Onlar hesab edirlər ki, qiymətlərə əsasən mobil operatorlar arasında olan taariflər böyük təsir göstərir və bu taariflər mobil danışığın aşağı düşməsinə imkan vermir.
İKT üzrə kiçik və orta sahibkarlıq
Qırğızıstan informasiya-kommunikasiya texnologiyaları sahəsində biznesi daha da inkişaf etdirmək üçün kiçik və orta sahibkarlığın çiçəklənməsində maraqlıdır. Ona görə də sözügedən sahibkarlığı stimullaşdırmaq üçün bir sıra addımlar da atılıb.
Qırğız mətbuatının yazdığına görə, rəsmi Bişkek hətta bu sahənin inkişaf etdirilməsi üçün müəyyən güzəştlər və İKT-nin tətbiqinin ən gəlirli yollarının axtarışında köməklik edir. Bu ölkədə hesab edirlər ki, dünyanın bir sıra tanınmış İT şirkətləri ilə birgə məhsullar istehsal etmək, beynəlxalq bazarda rəqabətliliyə davam gətirməyə və sahənin inteqrasiya etməsinə şərait yaradar. Lakin ekspertlər hesab edir ki, bunun üçün birinci növbədə internetə girişi yaxşılaşdırmaq, onun keyfiyyətini artırmaq və rabitə xidmətlərinin dəyərinin azaldılması lazımdır. Bundan başqa kiçik və orta biznesin təhlükəsizliyini və gəlirliliyini, eləcə də etibarlılığını artırmaq lazımdır.
İT şirkətlər
Bəzi məlumatlara görə, Qırğızıstanda 20-yə yaxın böyük İT şirkəti fəaliyyət göstərmir.
Hazırda ölkənin kompüter texnikası bazarında 15-ə yaxın böyük topdansatış təchizatçısı var. Eləcə də təxminən 30-a yaxın şirkət bütün ölkə üzrə kompüter satışı ilə məşğul ola bilir.
Məlumatlara görə, burada topdansatış şirkətləri avadanlığın kiçik partiyalarının satışıyla məşğul olmur. Onlarla yalnız xırda şirkətlər məşğul olur. Böyük şirkətlər bir qayda olaraq, tənzimləyicidir və kompüter texnikasının (Xerox, Microsoft, Dell, InkTec, Integral, Apple, Toshiba, Hewlett Packard, Sony, Canon və s.) aparıcı xarici istehsalçılarının biznes-partnyorudur. Bu şirkətlər kompüter texnikasının pərakəndə ticarət şəbəkələrinə də malikdir və korporativ sifarişçilər və fərdi alıcılarla da işləyirlər. Xırda və orta şirkətlər kompüter satışıyla məşğul olur, ofis təchizatını həyata keçirirlər.
Nəzərə alınmalıdır ki, informasiya kommunikasiya texnologiyalarının böyük əksəriyyəti Qırğızıstanda istehsalı olunmur. Ona görə də texnika ölkəyə idxal olunur.
İnternet
Qırğızıstan əhalisinin yarıdan çoxunun internetdən istifadə etdiyi bildirilir. Lakin ölkənin müəyyən ərazilərində insanların sərbəst formada internetdən yararlanmasında problemlər var. Məlumatlara görə, bu cür problemlərə əsasən ucqar dağ kəndlərində rast gəlinir.
Amma bununla belə, ölkənin şəhərləri arasında da internetə daxil olmaqda böyük fərqlər var. Qeyd etmək lazımdır ki, bir sıra MDB ölkələrinə xal olan cəhət, yəni paytaxt ərazisində internet istifadəçilərinin sayının çoxluğu məsələsi Qırğızıstana da aiddir. İnternetin istifadəçilərinin arasında cinsiyyət əlaməti üzrə əhəmiyyətli fərq yoxdur – kişilərin və qadınların payları təxminən eynidir.
Müvafiq olaraq 58% və 482% təşkil edir. Ancaq internetdən heç vaxt istifadə etməyən şəxslərin arasında qadınların sayı daha çoxdur. Respublikanın şəhər sakinləri üçün İT xidmətlərindən yararlanmaq mümkünlüyü yüksək qiymətləndirilir və onun miqdarı daim artır. Böyük şəhərlərdə mənzillərdən internetə daxil olma səviyyəsi daha böyükdür. Regionlarda internetə giriş sayının az olması isə əsasən əhalinin aşağı gəlirli olması ilə əlaqədardır. Bir sıra müstəqil ekspertlər isə bu sıraya daha bir nüansı da əlavə edirlər.
Onların qənaətincə, bölgələrdə internet xidməti göstərən provayderlərin keyfiyyətli fəaliyyət göstərməməsi və eləcə də fəaliyyətlərində müəyyən inhisarçılıq elementlərinin olması internetdən istifadə edənlərin sayının artmasına əngəllər yaradır.
Təhsildə İKT
Qırğızıstan hökuməti ölkənin təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini genişləndirmək niyyətindədir. Qırğızıstan mətbuatının yazdığına görə, ölkənin ali məktəbləri və paytaxt, eləcə də bir sıra digər böyük şəhərlərdə yerləşən məktəblərdə internetə çıxış təmin olunub. Amma bunun özü də kifayət qədər sayda deyil.
Ölkədə İT mütəxəssislərinin hazırlanması üçün bir sıra addımlar atılır. Buna misal kimi universitetlərdə İT üzrə təhsilin verilməsinə əhəmiyyət verilir. Lakin İT üzrə dərk demək üçün müəllim çatışmazlığı hiss olunur. Bir sıra ekspertlər hesab edir ki, hökumət insan kapitalına böyük diqqət yetirməli və yüksəkixtisaslı gənclər hazırlamaq üçün həm yerli təhsilin səviyyəsini qaldırmalıdır, həm də xaricə tələbə göndərişlərini həyata keçirməlidir.
Onların qənaətincə, elektron inkişafa hazır kadrların hazırlanmasında, eləcə də İKT-nin yayılmasının nümayiş-maarifçilik aspektinə diqqət ayrılmalı və bu, dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməlidir.
Ekspertlər əlavə olaraq bildirirlər ki, qlobal informasiya cəmiyyətinin yeni elitası yüksək təhsil nəticəsində alınan ixtisaslaşdırmaya əsaslandırılıb. Müxtəlif maarifləndirici institutların yayılması və yenidən öyrənmənin təminatı - informasiya əsrində cəmiyyətin əsas qayğısıdır. Hakimiyyət orqanlarının, biznesin, elmin, ictimai təşkilatların və KİV-in sosial əməkdaşlığı - belə layihələrin reallaşdırılmasında əsas rol oynaya bilər.
Seymur Qasımbəyli
s.qasimbeyli@gmail.com
23/02/13 Çap et