Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hökumət və xüsusi dövlət rabitəsindən istifadə qaydaları təsdiqlənib
Azərbaycan Nazirlər Kabineti "Hökumət rabitəsindən istifadə Qaydaları"nın və "Xüsusi dövlət rabitəsindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
"ICTnews" Elektron Xəbər Xidməti Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, bu Qaydalar "Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanının 7.1-ci bəndinə əsasən hazırlanıb və hökumət və xüsusi dövlət rabitəsindən istifadə qaydalarını müəyyən edir. "Hökumət rabitəsindən istifadə Qaydaları"na əsasən, hökumət rabitəsindən yalnız hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxs istifadə edə bilər. Vəzifəli şəxs hökumət rabitəsi ilə məxfi danışıqlar apara bilər.
Hökumət rabitəsi vasitəsilə həmçinin MDB ölkələrinin dövlət orqanlarının rəhbərləri ilə də məxfi telefon danışıqları aparıla bilər. Bunun üçün hökumət rabitəsi stansiyasının növbətçi operatoruna ("0" rəqəmini yığmaqla) sifariş verilməlidir.
Hökumət rabitəsinin telefon aparatının və digər qurğularının quraşdırılması, onun digər yerə köçürülməsi, təmiri, söndürülməsi və ya çıxarılması yalnız Milli Təhlükəsizlik Nazirliyinin hökumət rabitəsi struktur bölməsinin mühəndis-texniki personalı tərəfindən həyata keçirilir. Hökumət rabitəsinin telefon aparatının quraşdırıldığı otaqlarda informasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi dövlət orqanı tərəfindən MTN-nin hökumət rabitəsi struktur bölməsinin mühəndis-texniki personalı ilə birlikdə həyata keçirilir. Bu qaydaların tələblərini pozan vəzifəli şəxsin hökumət rabitəsi söndürülə və telefon aparatı çıxarıla bilər. Xüsusi dövlət rabitəsindən isə yalnız xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxs istifadə edə bilər.
Xüsusi dövlət rabitəsinin telefon aparatının quraşdırılması, onun digər yerə köçürülməsi, təmiri, söndürülməsi və ya çıxarılması Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən həyata keçirilir. Xüsusi dövlət rabitəsinin xətlərini konsentrator və ya başqa kommutasiyalı qurğulara qoşmaq, həmçinin telefon aparatına cütləşmə və ya xüsusi keçirmə açarı ilə əlavə telefon aparatı qoşmaq qadağandır.
Xüsusi dövlət rabitəsinin telefon aparatı quraşdırılmış otaqlarda informasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi dövlət orqanı tərəfindən Xüsusi Dövlət Mühafizə Xidmətinin Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin mütəxəssisləri ilə birlikdə həyata keçirilir. Xüsusi dövlət rabitəsi vasitəsilə məxfi danışıqlar yalnız xüsusi şifrəli telefon aparatları quraşdırıldıqda aparıla bilər. Bu Qaydaların tələblərini pozan vəzifəli şəxsin xüsusi dövlət rabitəsi söndürülə və telefon aparatı çıxarıla bilər.
CAHANGİR
23/02/13 Çap et