Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvanın gömrük orqanlarında Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi tətbiq edilir
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində son illərdə gömrük işinin səmərəliliyini artırmaq məqsədilə informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları genişləndirilir. Gömrük orqanlarında nəzarət və rəsmiləşmənin avtomatlaşması xidmətin keyfiyyətini xeyli yüksəldib.
Bu gün muxtar respublikanın bütün gömrük orqanlarında Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi tətbiq edilir. Bu sistem vasitəsilə mal və nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük rəsmiləşdirilməsi, gömrük əməliyyatları üzrə maliyyə fəaliyyətinin tənzimlənməsi, gömrük sahəsində hüquqpozma faktlarının qeydiyyatı, statistik məlumatların formalaşması və analitik təhlilin aparılması, gömrük sistemində sənəd dövriyyəsinin təmin edilməsi prosesləri tamamilə avtomatlaşdırılıb.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Komitədən bildirilib ki, sürətli məlumat mübadiləsini təmin etmək üçün fiber-optik şəbəkə bütün gömrük orqanlarını əhatə edən formada qurulub.
İş prosesinin izlənilməsi və mövcud vəziyyətə operativ müdaxilə edilməsi üçün gömrük orqanlarında müasir tipli videomüşahidə kameraları quraşdırılıb: "Hazırda muxtar respublika ərazisində gömrük nəzarəti altında hərəkət edən nəqliyyat vasitələrinə "İki gömrük orqanı arasında daşınan mallara nəzarət GPS naviqasiya sistemi" vasitəsilə nəzarət prosesi həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili haqqında" 2011-ci il 15 iyul tarixli fərmanına əsasən muxtar respublikanın gömrük orqanlarında da elektron hökumətə keçid istiqamətində məqsədyönlü tədbirlər görülüb, komitənin yeni internet saytı yaradılıb. Məqsəd gömrük idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılmasına, qərarların qəbulu prosesində şəffaflığın təmin edilməsinə, kargüzarlıq işinin və sənəd dövriyyəsinin elektron formada həyata keçirilməsinə, elektron imzanın tətbiqinə nail olmaqdır.
Son illər həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikanın gömrük orqanlarında eyniləşdirmə nömrəsinin verilməsi, sərnişin bəyannaməsinin tətbiqi, gömrük sərhəd buraxılış məntəqələrindən keçiriləcək mallar və nəqliyyat vasitələrinin bəyan edilməsi, gömrük rəsmiləşdirməsinə başlamaq üçün müraciət və gömrük orqanlarında xidmət üçün ərizə qəbulu elektron formada həyata keçirilir.
Komitədən o da qeyd edilib ki, hazırda iş prosesində avtomatlaşmanın tətbiq olunması gömrük sahəsində hüquqpozmalara qarşı mübarizənin keyfiyyətini və səmərəliliyini artırır.
HƏQİQƏT
25/02/13 Çap et