Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN-də Xocalı soyqırımının qurbanları yad edildi
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə faciə qurbanlarının stendi önünə tər güllər düzülüb. Sonra Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Xocalı soyqırımı zamanı yaranan statistik rəqəmlərin hər birinin arxasında böyük faciələr, talelər durur.
Son illər Azərbaycanın haqq səsinin, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı reallıqların bütün dünyaya çatdırılması istiqamətində mühüm işlər görüldüyünü qeyd edən nazir, faciəni özündə əks etdirən posterlərin, plakatların dünyanın böyük şəhərlərində, metro stansiyalarında və insanların sıx toplaşdığı ərazilərdə yerləşdirilməsi nəticəsində şəhidlərimizin səsinin milyonlarla insana çatdırıldığını bildirib: «Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə soyqırımla bağlı həqiqətlər, xalqımızın bu məsələyə barışmaz mövqeyi dünya ictimaiyyətinə qətiyyətlə bəyan edilir və hər il geniş tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində apardığı siyasətin bir komponenti də münaqişə qurbanlarının yad edilməsi, onların ailə üzvlərinə həm mənəvi, həm də maddi dəstək verilməsidir».
Tarixən ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırım və etnik təmizləmə siyasətinin hazırda da davam etdirildiyini deyən nazir, bu gün Azərbaycan dövlətinin inkişaf etdiyini və bütün təhlükələrin qarşısının alınması üçün böyük gücə malik olduğunu xüsusi qeyd edib. Nazir Xocalı soyqırımı zamanı şəhəri son tərk edənlərin də məhz rabitəçilər olduğunu vurğulayaraq, Gülbahar Behbudova, Çingiz Hüseynov kimi rabitəçilərin faciədə həlak olduqlarını, digər rabitəçilərimizin isə ən yaxınlarını itirdiklərini söyləyib.
Tədbirdə çıxış edən Xocalı sakinləri soyqırım zamanı yaşananları bir daha xatırlayaraq, erməni daşnaklarının insanlığa sığmayan, qocaya, uşağa, qadına məhəl qoymadan törətdikləri vəhşiliklərdən danışıblar. Bildirilib ki, xalqımız bu faciəni heç zaman unutmayacaq və bu qətliam hər bir azərbaycanlının qan yaddaşında daim həkk olunacaq.
Xocalı sakinləri ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb və bu diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonda nazir Ə.Abbasov Xocalıdan olan rabitə işçiləri ilə görüşüb, problemləri ilə maraqlanaraq müvafiq tapşırıqlar verib.
25/02/13 Çap et