Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gənclər teatra internet vasitəsilə dəvət olunur
Gənclərin internet üzərindən, sosial şəbəkələr vasitəsilə ölkənin mədəniyyət ocaqlarında baş tutan müxtəlif tədbirlərə dəvət olunması artıq ənənəyə çevrilir. Belə ki, Sumqayıt şəhərində ilk dəfə 2011-ci ildə 10 apreldə həyata keçirilən və çox uğurla nəticələnən teatr aksiyası təkrar gündəmə qayıdıb.
Artıq sosial şəbəkələrdə "Facebook dostlarımız üçün: 3 mart Teatr aksiyası" adlı "Event" da yaradılıb.
"ICTnews" elektron xəbər xidmətinə aksiyanın təşkilatçısı, "Sumqayitxeber.com" saytının təsisçisi Eyvaz Qocayev bildirib ki, H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında əməkdar artist Namis Şirməmmədovun quruluşunda Əli Əmirlinin "Köhnə ev" tamaşası səhnələşdiriləcək: "Tamaşa 3 mart saat 17:00-da Sumqayıt Dövlət Musiqili Dram Teatrında olacaq.
Aksiya çərçivəsində tamaşa üçün bilet qiyməti 1 manat olacaq. İlk keçirdiyimiz aksiya gənclər tərəfindən maraqla qarşılandığından belə mədəni aksiyaları davam etdirməyi qərara aldıq. Biz sosial şəbəkələrdə gəncləri teatra dəvət etməklə həm teatrımıza dəstəyimizi nümayiş etdirmiş olurduq, həm də gənclərin asudə vaxtını səmərəli keçirməsinə nail olurduq. Son zamanlar bu cür mədəni tədbirlərə fasilə verdiyimiz üçün gənclərin asudə vaxtının səmərəli keçirilməsi sahəsində boşluq hiss olunurdu.
Sosial şəbəkələrdə gənclərin istəklərini nəzərə alaraq yenidən bu cür aksiyalara başlamağı düşündük və 3 mart tarixində gənclər üçün teatr aksiyasını təşkil etdik. Artıq aksiya ilə bağlı üç mindən çox "Facebook" istifadəçisinə məlumat göndərmişik və məlumat göndərdiyimiz insanların əksəriyyəti teatra gələcəklərini qeyd ediblər".
HƏQİQƏT
25/02/13 Çap et