Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya nümayəndə heyəti RİTN-də olub


Yaponiya nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb. Nümayəndə heyətinin təmsil etdiyi dövlət və özəl qurumları - Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, "Mitsubişi" Elektrik Korporasiyası, "Mitsubişi" Ağır Sənaye MMC, "Nippon" Elektrik Korporasiyası, "IHI Corporation", "IHI AEROSPACE Co.", "Ltd", "PASCO", "JAMSS", "Mitsubishi", "Sumitomo", "Itochu Corporation" korporasiyaları, Yaponiya Kosmos Forumu, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, Yaponiya Kosmos Sistemləri, Yaponiya Uzaqdan İdarəetmə Mərkəzi, Yaponiya aerokosmik şirkətləri cəmiyyəti daxildir.

"Mitsubishi Electric Corporation"nun böyük vitse-prezidenti Takashi Sasakavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində görüş keçirilib.

Qonaqları salamlayan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə İKT sektorunda həyata keçirilən işlərlə bağlı məlumat verərək bildirmişdir ki, "Azerspace-1" telekommunikasiya peykinin orbitə buraxılması ilə bu sahədə yeni bir mərhələnin başlanğıcı qoyulub.

Növbəti telekommunikasiya peykinin orbitə çıxarılması üçün hazırlıq işlərinin aparıldığını qeyd edən nazir, "Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı"nın ölkələrimiz arasında bu sahədə əlaqələrin inkişafına töhfə verəcəyini dedi.

Hər iki ölkəni təmsil edən şirkətlərin bu seminar çərçivəsində daha geniş əlaqələr qura biləcəyini diqqətə çatdıran Ə.Abbasov İKT sektorunun bir çox seqmentləri üzrə Yaponiyanın Azərbaycan üçün yaxşı tərəfdaş ola biləcəyini vurğulayıb.

T.Sasakava 27-28 fevral tarixlərində Bakıda "Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı" adlı tədbirin keçirilməsinə göstərilən dəstəyə görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu tədbirlərin ölkəmizdə keçirilməsinin əsas məqsədi Azərbaycan-Yaponiya iqtisadi əlaqələrinin inkişafının təmin edilməsi və ikitərəfli əməkdaşlığa töhfə verilməsidir.

Azərbaycanda İKT sektorunun inkişafından məmnunluğunu ifadə edən qonaq, qarşılıqlı əməkdaşlıq üçün münbit şəraitin olduğunu diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, informasiya texnologiyalarının inkişafı üzrə dünyanın aparıcı ölkələrindən hesab olunan Yaponiya Azərbaycanla təcrübələrini bölüşməyə hazırdır. Ölkəmizin ilk telekommunikasiya peykinin orbitə buraxılmasını yüksək qiymətləndirən qonaq bu istiqamətdə Azərbaycanın böyük potensiala malik olduğunu, yaxın gələcəkdə ölkəmizin regional kosmik sənaye mərkəzinə çevriləcəyini xüsusi vurğulayıb.

Nümayəndə heyətinin tərkibində sahə üzrə ixtisaslaşan özəl şirkətlərin olduğunu qeyd edən T.Sasakava Azərbaycan şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib.

Sonda Yaponiyanın İKT sektoru üzrə tanınmış şirkətləri barədə geniş təqdimat olub.




27/02/13    Çap et