Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kosmik texnologiyalar üzrə xarici şirkətlərin ölkəmizə olan marağı daha da artıb
Azərbaycanın ilk milli telekommunikasiya peyki "Azərspace-1" orbitə buraxılandan sonra kosmik texnologiyalar üzrə xarici şirkətlərin ölkəmizə olan marağı daha da artıb. Məlum olduğu kimi, Azərbaycan yaxın gələcəkdə yeni peyklərin orbitə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı Yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin 2016-cı ilə, 2020-ci ilədək isə bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılması planlaşdırılıb.
Azərbaycan BMT-nin müvafiq komitəsində kosmik ölkələr sırasına qəbul olunub, kosmik fəzanın sülh məqsədlərilə istifadəsi üzrə öhdəliklər götürüb ki, bu da hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün atılmış mühüm addımlardan biridir. Peykin orbitə çıxarılmasında beynəlxalq əməkdaşlıq əlaqələrinin mühüm rolu olub. Amerikanın "Orbital" və Fransanın "Arianespace" şirkətlərinin köməyi, dəstəyi və fəaliyyəti nəticəsində bu gün Azərbaycanın ilk milli telekommunikasiya peyki fəzadadır. Əməkdaşlıq əlaqələrinin davamlı inkişafı isə Azərbaycanda kosmik sənayenin inkişafına etibarlı zəmin, böyük imkanlar yaradır.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Argentinanın kosmik texnologiyalar üzrə INVAP şirkətinin səlahiyyətli nümayəndələri ilə keçirilən görüş də bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi məqsədi daşıyırdı.
Görüşdə INVAP-ın nüvə sahəsi üzrə vitse-prezidenti Xuan Pablo Ordonez, şirkətin baş meneceri Hektor Ozeguy, vitse-prezidentin layihələr üzrə müavini Marselo Basigalup, Argentinanın Azərbaycandakı səfirliyinin konsulu Qabriel Jorquera və institutun alim və mütəxəssisləri iştirak edirdilər.
Qeyd edək ki, Argentinanın INVAP şirkəti nüvə, kosmik, energetika, tibb sahələri üzrə yüksək texnoloji layihələr həyata keçirir.
Şirkət dünyanın 30-dan artıq ölkəsinə avadanlıqlar tədarük edir. INVAP-ın Avstraliya, Braziliya, Venesuela, Misir və ABŞ-da ofis və törəmə müəssisələri fəaliyyət göstərir. INVAP Latın Amerikasında NASA-nın kosmik texnologiyaların tədarükü üçün sertifikat verdiyi yeganə şirkətdir. INVAP materikdə həm də peykin həyat tsiklinə tam təminat verən yeganə şirkətdir.
Şirkətin hesabında CONAE Milli Kosmik Agentliyinin sifarişi ilə orbitə buraxılmış SAC (Satelites de Aplicación Científica) seriyalı 4 peyk vardır.
INVAP-ın vitse-prezidenti Xuan Pablo Ordonez kosmik texnologiyaların regionun təbii resurslarının potensialı, iqtisadi və ekoloji vəziyyəti haqda daha aktual və obyektiv informasiyanın əldə olunmasına imkan verdiyini söyləyərək şirkətin fəaliyyəti, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verdi.
O, INVAP-da 3 Nobel mükafatı laureatının çalışdığını söyləyərək, şirkət əməkdaşlarının 88%-nin mühəndis və alimlərdən ibarət olduğunu qeyd etdi. Şirkətin Azərbaycanla kosmik sahə üzrə əlaqələrin qurulmasında maraqlı olduğunu bildirən qonaq birgə layihələrin həyata keçirilməsi, bilik, təcrübə və kadr mübadiləsinin aparılmasına hazır olduqlarını vurğuladı.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev kosmik texnologiya və telekommunikasiyaların ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsində prioritet istiqamətlərdən olduğunu bildirdi.
Kosmik sənayedə tərəqqinin vətəndaş cəmiyyətinin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni səviyyənin əldə olunması, milli təhlükəsizlik məsələlərinin həllinin təminində mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Bu sahədə həyata keçirilən işlərin əhaliyə göstərilən informasiya xidmətlərinin səmərəsi və keyfiyyətinin yüksəlməsi, ölkə iqtisadiyatının bütün sahələrində müasir informasiya infrastrukturunun inkişaf etdirilməsi baxımından önəmliyini bildirdi.
R.Əliquliyev nüvə və kosmik sənayedə İT-nin imkanlarından geniş istifadə olunduğunu qeyd edərək bildirdi ki, bu proseslərdə mütərəqqi informasiya texnologiyaları tətbiq olunmadan innovativ nəticələrə nail olmaq mümkün deyil. İnstitut direktoru bu gün dünyada Cloud texnologiyaları, informasiya təhlükəsizliyi, data mining, veb-texnologiyalar, proqram mühəndisliyi sahəsində yüksək nəticələrin əldə olunduğunu bildirərək institutda bu istiqamətdə aparılan elmi tədqiqatlar haqqında geniş məlumat verdi.
Sonra əməkdaşlıq istiqamətləri, perspektivləri müzakirə edildi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
27/02/13 Çap et