“1 şagird:1 kompüter” müsabiqəsinin finalında 30 müəllim 200 netbuka iddia edir
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "1 şagird:1 kompüter" müsabiqəsinin finalına vəsiqə qazanan 30 müəllim şagirdlər üçün nəzərdə tutulmuş 200 netbuka iddia edir. Azərbaycanın təhsil sistemində ilk dəfə olaraq təhsilin informasiyalaşdırılması üzrə texniki avadanlıq paylaşdırma yolu ilə yox, müsabiqə yolu ilə veriləcəkdir.
Qalib gəlmək iddiasında olan 30 müəllim öz layihələri ilə Ekspert Komissiyasının qarşısında təqdimat edəcək. Bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, müsabiqənin məqsədi İKT əsaslı fərdiləşmiş təhsilin formalaşması, "1 şagird:1 kompüter" layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir.
Müsabiqə çərçivəsində qalib gəlmiş müəllimlərin bir sinfinin şagird kollektivi netbuklarla təchiz olunacaq. Hər bir qalib müəllim onun tədris etdiyi sinifdə şagirdlərin sayı qədər netbuklar alacaq.
Müsabiqədə iştirak üçün 140 müəllimin layihəsi qəbul edilmişdir. Ekspert qrupu tərəfindən qiymətləndirilən layihələrdə meyarlar layihənin tədris məqsədləri üçün praktik əhəmiyyəti, metodiki baxımdan işlənmə səviyyəsi, materialların texniki-texnoloji cəhətdən rahat, aydın və anlaşıqlı təsviri idi.
Müsabiqə üzrə məlumatlar "
www.musabiqe.edu.az " veb-səhifəsində yerləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, məktəblərə netbukların verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil sistemində ilk təcrübədir. Bu format "1 şagird:1 kompüter" layihəsi çərçivəsində texnologiyalara daha böyük maraq göstərən təhsil müəssisəsinə netbukların verilməsini nəzərdə tutur və müəllimlərin İKT biliklərinin tədrisdə istifadəsi üçün motivasiyalaşdırır.
"1 şagird:1 kompüter" layihəsi çərçivəsində verilən netbukların sayı məhdud olduğu üçün Təhsil Nazirliyi müsabiqə formatına keçid barədə qərar vermişdir.
Təcrübə uğurlu olarsa, sayı məhdud olan digər texnoloji avadanlıqların da müsabiqə yolu ilə məktəblərə verilməsi istisna deyil.
İndiyədək "1 şagird:1 kompüter" layihəsi çərçivəsində Azərbaycanın 15 ümumtəhsil müəssisəsinə 2077 netbuk təmənnasız olaraq verilmişdir. Şagirdlər bu netbuklardan həm məktəbdə, həm də evdə istifadə edirlər. Netbuklar həmçinin təhlükəsiz internet paketi ilə təchiz olunmuşdur.
HƏQİQƏT