Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-in nümayəndə heyəti qlobal “GSMA” sərgi və konfransında iştirak edir


 Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İspaniyanın Barselona şəhərində hər il təşkil olunan qlobal "GSMA" sərgi və konfransında iştirak edir.

Builki tədbir əvvəlki illərdən fərqli olaraq yeni, daha böyük ərazidə və formatda təşkil edilib. Bu format mobil rabitə sahəsində fəaliyyət göstərən operatorlara, istehsalçı şirkətlər eləcə də milli pavilyonların da ən son yeniliklər və texnoloji nailiyyətlərinin təqdim etməsinə şərait yaradıb.

Builki sərgidə xüsusilə genişzolaqlı internetin simsiz vasitələrlə məsafəyə ötürülməsi və qəbulu üzrə müxtəlif tipli qurğu, planşet, TV vasitələri, kompüterlər haqda ətraflı həllər təqdim edilib.

Nazirliyin və ölkəmizdə fəaliyyət göstərən mobil rabitə operatorlarının nümayəndələri tədbirdə nümayiş etdirilən yeniliklərlə ətraflı tanış olur və onların tətbiqi üzrə araşdırmalar aparlar.

Tədbir çərçivəsində nümayəndə heyəti mobil rabitə sahəsində gələcək inkişaf perspektivləri və istiqamətlərin müəyyən edilməsi üçün təşkil olunmuş ’Ministerial Proqramma’ qatılaraq müzakirələrdə də iştirak edib. Həmçinin, nümayəndə heyəti Dünya İqtisadi Forumunun mobil data mübadiləsi mövzusuna həsr olunmuş toplantıya da qatılıb.

Bu il "GSMA" sərgi və konfransı Xocalı soyqırımı gününə təsadüf etdiyindən RİTN-in nümayəndə heyəti İspaniyadakı Səfirliyimizin əməkdaşları ilə birgə Barselona şəhərinin Santz mehmanxanasında anım mərasimi keçirib. Mərasimdə mobil operatorların əməkdaşları, xarici istehsalçı vendorların nümayəndələri də iştirak ediblər.

Mərasimdə çıxış edən nazir müavini faciənin tarixi haqında məlumat verərək bu faciəyə ilk dəfə 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət və beynəlxalq arenaya ətraflı məlumatlar verildiyini bildirib. Çıxışda həmçinin hazırda Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlər haqda, xüsusən də milli peykin orbitə çıxarılması ilə əlaqədar mərasim iştirakçılarına məlumat verilib.






28/02/13    Çap et