Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yeni texnologiyanın tətbiqi ilə dəniz suyu şirinləşdiriləcək


Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə ediləcək. Dəniz suyunu təmizləyəcək zavod sınaq mərhələsindədir. Burada təmizlənəcək su həm içməli, həm də bitkilərin suvarılmasında da istifadə olunacaq.

Dəniz suyundakı minerallar tam götürülür, avtomatik olaraq bu suya insan orqanizmi üçün lazım olan minerallar əlavə edilir və çox yüksək keyfiyyətli su əldə olunur. Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib. Dənizin şirinləşdirilmiş suyundan ilk növbədə Salyan, daha sonra isə Xəzər dənizinə yaxın ərazilərin sakinləri də istifadə edəcəklər. Zavod hələ ki test rejimində işləyir. Yaxın zamanda açılışı olacaq.

Bəzi ekspertlərin fikrincə isə suyun tərkibinin metallardan təmizlənməsi mümkün deyil. Dünyanın bir çox ölkələrində tətbiq olunan bu sistem Azərbaycan üçün nə qədər sərfəli ola bilər? Ümumiyyətlə, buna ehtiyacımız varmı?

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dosenti Rasim Alosmanov bunun mümkün proses olduğunu bildirdi. O, suyun təmizlənməsi üçün bir neçə üsul olduğunu deyir: “Suyun bütün zərərli maddələrdən, eyni zamanda ağır metallardan təmizlənməsi mümkündür. Suyu təmizlərkən elə maddələr tətbiq etmək ola bilər ki, ağır metal ionlarını kənarlaşdırsın.

Bu gün dünya təcrübəsində bu maddələrdən istifadə olunur.Yaponiyada kanalizasiya suyundan içməli su kimi istifadə olunur. Azərbaycanın isə su ehtiyatı kifayət qədərdir. Bu sudan texniki su kimi suvarmada istifadə oluna bilər. Dünyada bu təcrübə var, amma çox böyük xərc tələb edir”. R.Alosmanov onu da vurğuladı ki, layihədən xəbəri olmadığından dəqiq fikir demək də çətindir.

Ekoloq Telman Zeynalovun fikrincə, dəniz suyunun təmizlənərək istifadə olunmasına ehtiyac yoxdur: “İlk növbədə bu məsələ aydınlaşdırılmalıdır ki, suyu necə təmizləyəcəklər. Atom reaksiya ilə təmizləyəcəklərsə, onu soyutmaq lazımdır. Amma bu zaman onun tullantıları hara atılacaq? Azərbaycanın yeraltı suları yetərincədir. Buna ehtiyacımız yoxdur. Sovet dövründə də bu üsul Qazaxıstanda tətbiq olunmuşdu, o zaman da bunun əleyhinə çıxmışdıq”.

Bu cür suyun sağlamlığa zərərli olub-olmayacağına gəldikdə isə T.Zeynalov bu barədə sınaqlar aparılmalı olduğunu bildirdi: “Süni şəkildə suyun minerallar, duzlarla zənginləşdirilməsi ilə, təbii olaraq bu maddələrə malik olması arasında fərq çoxdur. Sonradan əlavə olunan duzlar insan bədənində toplana, xəstəliklərə səbəb ola bilər”.

T.Zeynalov onu da vurğuladı ki, kanalizasiyalar təmir edilərkən, sular küçələrə axıdılır. Ölkəmizdə yetərincə su ehtiyatı var, ondan qənaətlə istifadə olunsa, Azərbaycanın heç zaman su problemi olmayacaq.

Dünyada şirin su ehtiyatlarının tükənməsinə gəldikdə isə, ekoloq bunun əvvəldən hesablanmış siyasi fikirlər olduğunu dedi: “Ümumdünya Səhiyyə Təşkilatı, BMT və digər təşkilatların bu cür açıqlamalar verməsi insanların sayının azaldılmasına yönəlmiş addımdır. Əvvəldən xəbərdarlıq edilməsi, bu hadisəni süni şəkildə edə biləcəyindən xəbər verir.Yağıntıların miqdarı az olarsa, ehtiyatlardan düzgün istifadə edilməzsə, Azərbaycanda da problem yaşana bilər. Amma bunun üçün hansısa aparatın gətirilərək, dəniz suyundan təmizlənməsi çıxış yolu deyil”.

T. Zeynalov bildirdi ki, İsrail və bir sıra Afrika ölkələrində bu üsuldan içməli su ehtiyatını ödəmək üçün istifadə olunur. Amma onların bu ehtiyatları çox azdır, bizdə isə hələ ki, bu problem yoxdur. Çünki bu, sonuncu addımdır. Yaxşı olar ki, sərmayə qoyub suyun tərkibini təmizləsinlər, çirkab sularına təmizləyici qurğular qoysunlar.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin şöbə müdiri Əjdər Cavadov isə Abşeron yarımadasında kanal olduğunu, bu ərazini suvarmaya ehtiyacı olan əraziləri təmin etdiklərini bildirdi:“ Ölkədə 1 milyon 373 min suvarılan torpaq sahəsi var ki, bunu da su ilə təmin edəcək qədər su ehtiyatımız var. Suvarma şəbəkəsi çəkilməyən ərazilər suvarma sahələri hesab olunmur. Bundan başqa əkinçiliyin inkişafı ilə əlaqədar pilot taxılçılıq təsərrüfatları yaradırlar. Ola bilər ki, yeni sistemlə əldə olunacaq su həmin sahələrdə istifadə olunsun”.

Ə. Orucov onu da bildirdi ki, dəniz suyundan istifadə etmək dünya praktikasında istifadə olunur. Amma bunun üçün suyun necə təmizlənməsini öyrənmək lazımdır. Burada əsas məsələ duzluluq dərəcəsinin az olmasıdır. Bəs ölkənin hansı ərazilərində içməli suya ehtiyac var?

“Azərsu” ASC-nin Mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı paytaxtın içməli su ilə təchizatının 99%-ni Oğuz, Kürdən, Ceyranbatandan, Şollardan çəkilən kanallarla təmin etdiklərini dedi. Amma “Azərsu” -Zirə, Qala, Dübəndi, Pirallahı kimi əraziləri içməli su ilə təchiz edə bilmir. Onlar mərkəzləşmiş sistemə qoşulmayıb, suyu əsasən maşınlarla alırlar. “Ceyranbatanda tikilən ultra su təmizləyici qurğu ilə gələcəkdə su təminatını 6m3/san –yə çatdıracağıq. Qurğu bu il hazır olacaq, bu qəsəbələrin hər biri içməli su ilə təchiz olunacaq. Bu qurğu işə düşdükdən sonra demək olar ki, paytaxtın su problemi olmayacaq”.

Dəniz suyundan içməli su kimi istifadə edilməsinə gəldikdə isə, hələ XX əsrdə paytaxtın su ilə təchizatında bu sistemdən istifadə olunduğunu bildirdi:“Gələcəkdə dəniz suyundan içməli su kimi istifadə olunmasına gəldikdə isə, bu, mütəxəssislərin araşdırması, hökumətin qərarı ilə əlaqədar olan məsələdir. Amma Ceyranbatan kimi böyük su hövzəsi var, Samur Abşeron kanalı ilə Taxtakörpü su anbarından su çəkilir. Bu kanallar fəaliyyətə başlayandan sonra paytaxt sakinlərini saniyədə 18m3 su ilə təmin edəcəyik. Hər hansı ərazidə lokal olaraq ehtiyac olarsa, duzsuzlaşdırılmış su ilə təchiz ediləcək. Bu ilin birinci yarısında Bakının 2035-ci ilədək su ilə təchizatının master planı hazırlanacaq. Bu planda suyun hansı mənbələrdən necə təmin olunması da əks olunacaq”.

“Azərsu” rəsmisinin sözlərinə görə, qarşıdakı bir neçə ilə paytaxtın 24 saat su ilə təchizata keçməyi hədəflənib. Hələ ki “Azərsu” paytaxtın 55%-ni fasiləsiz su ilə təmin edir.

A. Cəbrayıllı dəniz suyunun təmizlənməsindən alınacaq suyun regionlarda istifadə olunmasına da münasibət bildirdi:“Regionların içməli su ilə təminatı üçün “Azərsu” , ETSN Aran bölgəsinin su ilə təmin olunması üçün modul tipli su təmizləyici qurğu quraşdırılır. Ona görə də suyun duzsuzlaşdırılıb bölgələrə ötürülməsinə ehtiyac yoxdur. Kürdən Bakıya gələn su kəmərindən ayrılmalar edib Salyan, Şirvan, Neftçala, Biləsuvar və Hacıqabula su verəcəyik. 2014-cü ilə bu sistem istifadə ediləcək. Amma araşdırma aparmadan deyə bilmərik ki, paytaxtda, ya da bölgələrdə duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə ehtiyac olmayacaq”.

RƏVAN




02/03/13    Çap et