Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kredit kartlarını risklərdən necə qorumaq olar?




Azərbaycanda “elektron hökumət”in sürətlə qurulması, elektronlaşma sahəsində aparılan təxirəsalınmaz işlər cəmiyyətdə bu sahənin istifadəçilərinin sayını artırıb. Ölkə əhalisi elektron sistemlərdən istifadə edən zaman onun üstünlüklərini və səmərəliliyini gördükdən sonra bu sahənin daha da genişləndirilməsində və inkişaf etdirilməsində öz marağını ortaya qoymağa başlayıb.

Elə bu səbəbdəndir ki, bir sıra kommersiya sahələrində də hazırda elektronlaşmaya, nağdsız hesablaşmalara və eləcə də elektron və müxtəlif çiplərlə təchiz edilmiş kartların istifadəsini geniş miqyasda tətbiq etməyə cəhd göstərir.

Kartlı kreditlər

“Rabitə dünyası” bildirir ki, kredit kartından istifadənin rahatlığı və sadəliyi əslində kart sahibinə olduqca baha başa gələ bilər. Özünü xoşagəlməz gözlənilməzliklərdən sığortalamaq üçün, məhsuldan istifadənin bütün mərhələlərində situasiyaya nəzarət etmək lazımdır.

«Banker.az»ın ekspertləri kredit kartları haqqında geniş məlumat verərək bildirirlər ki, bir sıra hallarda kredit kart sahibləri maliyyə tələləri ilə rastlaşa bilərlər. Amma bunlardan qorunmaq da mümkündür. Ona görə də əvvəlcədən gözlənilən təhlükələrə qarşı xüsusi qalxan hazırlamaq lazımdır. Ekspertlər kredit kart sahiblərinin ən çox rastlaşdıqları maliyyə tələlərindən bəhs edərək aşağıda göstərilən təhlükəli məqamlara fikir verilməli olduğunu önə çəkirlər:

1. Güzəşt müddəti (Grace period). “Grace-period” dedikdə elə müddət nəzərdə tutulur ki, həmin müddət ərzində bank borc puldan istifadəyə görə faiz hesablamır. Borcun götürüldüyü andan başlayaraq, bank müqaviləsi əsasında təyin olunmuş müddət ərzində kartın sahibi qısamüddətli borcu ödəyə bilər. Bu halda faizlər hesablanmır. Əgər müddətinin bitdiyi anda borcun tam və bir hissəsi hələ də ödənilməyibsə, müddətə görə bütün məbləğ üzrə faizlər hesablanır. Bəzən güzəşt müddəti kartdan istifadəyə görə artırılmış komisyon haqları ilə müşayiət oluna bilər. Eyni zamanda güzəşt müddətinin yalnız nağdsız ödənişlərə şamil edildiyi hallar da məlumdur. Sanki kartdan nağd pul çıxarılışı etdikdə ona görə faizlərin hesablanması dayanmır.

2. Durduğu yerdə borclanma. Banklar əksər hallarda müştərilərə hər ehtimala qarşı kredit rəsmiləşdirməyi tövsiyə edirlər. Nəzəri baxımdan isə bunun əhəmiyyəti vardır. Praktikaya gələndə isə belə “tədbirli davranış” gözlənilməz xərclər ilə nəticələnə bilər. Bank hesabın saxlanmasına, mobil bankinq xidmətindən istifadəyə görə sizdən illik və ya aylıq komisyon haqqı, həmçinin kredit vəsaitindən istifadə etməməyə görə cərimə və s. tuta bilər. Kart istifadə edildiyi halda isə xoşagəlməz sürprizlər qismində vəsaitlərin köçürülməsi zamanı ortaya çıxan texniki problemlər, icazəsiz overdraft və s. ola bilər.

3. Kartın uğursuz şəkildə bağlanması. Müştəri əmindir ki, borcunu bağlayıb və kartdan imtina edib, amma həqiqətdə ortaya çıxır ki, onun hələ də banka borcu var. Kredit kartının bağlanması zamanı hər bir addımı nəzarətdə saxlamaq lazımdır: kredit qalığının olub-olmamasını müəyyən etmək, kredit qalığını ödəmək, kartı təhvil vermək və kart hesabının bağlanması ilə bağlı ərizə yazmaq. Öz növbəsində bank müştəriyə borcun tam bağlanması ilə bağlı arayış verməlidir.

4. Kart sahibinin xəbəri olmadan kreditin ayrılması. Bu, kartın istifadə müddəti başa çatdıqda baş verir. Müştəri əmindir ki, banka borcu yoxdur və onların müqavilə ilə razılaşdırılmış münasibətləri artıq başa çatıb. Lakin həmin zamanda bank avtomatik olaraq yeni bir kart buraxa bilər ki, onun hələ öz sahibinə nə vaxt çatacağı bəlli deyil. Kart hesabı ilə bağlı xidmətə görə yığılan komisyon haqları kredit borclanmasının yaranmasına gətirib çıxaracaq.

5. Kredit limitinin məhdudlaşdırılması. Siz bir yığın alış-veriş etdikdən sonra kartla kassaya yaxınlaşırsınız və məlum olur ki, sən demə, kartla ödəniş etmək mümkün deyil. Bank öz kredit riskini azaltmaq niyyəti ilə tranzaksiyaların (nağd pul çıxarılışı, ticarət şəbəkəsində alış-veriş və s) həcmini azalda bilər. Kredit kartından istifadə edildiyi müddət ərzində bank müştərinin davranışını analiz edə və müəyyən limitin dəyişdirilməsi və ya onun ümumiyyətlə, ləğv edilməsi ilə bağlı qərar qəbul edə bilər.

SEYMUR




02/03/13    Çap et