Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Klaviatura formasında kompüter hazırlanıb (ViDEO)
Çinin "FocusWill Information Technology" şirkəti klaviatura formasında "CoolShip" adlanan qeyri-adi kompüter hazırlayıb. Layihə üzərində işlərə 2011-ci ildən başlanılıb. Kompüter "Android" platformasında işləyir. “ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, "CoolShip" kompüteri 104 düymədən ibarətdir.
Kompüterdə, həmçinin sağ tərəfdə yerləşdirilmiş yığcam sensor panel və dinamik mövcuddur. Klavişlərin alt hissəsində 1,5 QHs takt tezlikli ikinüvəli "Rockchip RK3066" adlanan "ARM" prosessoru və "Mali-400" qrafik kartı, həmçinin "DDR3" tipli 1 QB əməli yaddaş yerləşir. Daxili fləş daşıyıcının (NAND) həcmi 4-8 QB ola bilər. Cihaza "Android 4.0" (Ice Cream Sandwich) əməliyyat sistemi quraşdırılıb. "CoolShip" kompüteri monitora və ya televizora "VGA" və ya "HDMI" interfeysləri vasitəsilə qoşulur.
Klaviaturanın arxa hissəsində iki ədəd "USB 2.0" portu, 3,5 millimetrli audioçıxış, "SD" yaddaş kartları üçün slot, "Ethernet LAN" portu və "Wi-Fi" (802.11b/g/n) modulu var. Aparatın çəkisi 1,2 kiloqramdır. Ona, həmçinin 300 milliamper/saat tutumunda litium akkumulyatoru quraşdırılıb.