Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məktəblilər 2 saata Opera və Balet Teatrının “3D” modelini hazırlayıblar
Məktəblilər arasında keçirilən “Google Sketch Up qrafik redaktorunda hazırlanmış ən yaxşı üçölçülü model” adlı müsabiqə artıq başa çatıb. Bakının 283 saylı məktəbində təşkil olunan müsabiqədə 20 şagird iştirak edib.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə “www.informatik.az” saytının rəhbəri, əməkdar müəllim Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, 2 şagird Sumqayıt, 1 nəfər Şamaxı, 1 nəfər Şəki, 16 nəfər isə Bakı məktəblərini təmsil edib: “Püşk nəticəsində 4 obyekt arasından Opera və Balet Teatrının binasının şəkli seçildi. 2 saat ərzində şagirdlər “Google SketchUP” proqramında onun “3D” modelini hazırladılar.
Tapşırıq mürəkkəb olsa da, uşaqlar, demək olar ki, bu tapşırığın öhdəsindən gəldilər. Şagirdlərin işini İnformatika müəllimlərindən ibarət ekspertlər qrupu qiymətləndirdi.
Sonra isə münsiflər heyətinin sədri Ramin Mahmudzadə və üzvləri İsmayıl Sadıqov, Fərman Abdullayev və Gülnarə Səlimova işləri bir daha yoxlayaraq müəllimlərin seçimini təsdiq etdilər”.
Beləliklə, I yeri Bakı şəhəri, 291 saylı məktəbin şagirdi Cavid Rəsulov, II yeri Bakı şəhəri, 70 saylı məktəbin şagirdi Xavər Vəlizadə və Bakı şəhəri, 229 saylı məktəbin şagirdi Elgiz Quliyev, III yeri Bakı Modern məktəbinin şagirdi Məryəm Qasımova, Bakı şəhəri, 6 saylı məktəbin şagirdi Nail Əmrahov və Sumqayıt şəhəri, 36 saylı məktəbin şagirdi Amil İsgəndərov tutub:
“Bütün iştirakçılara sertifikatlar verildi. Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələrlə yanaşı, İsmayıl Sadıqovun müəllifliyi ilə Ramin Mahmudzadənin 75 illik yubileyinə həsr etdiyi “Beynəlxalq İnformatika Olimpiadaları” kitabı da hədiyyə edildi. Bu kitab şagirdləri müşayiət edən müəllimlərə də bağışlandı”.
HƏQİQƏT
04/03/13 Çap et